“Milli komanda ən yaxşı oyunlarından birini keçirdi” - MÜSAHİBƏ
08.09.2012 - 01:21
“Milli komanda ən yaxşı oyunlarından birini keçirdi” - MÜSAHİBƏ
Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirdi. Apasport.az saytının xəbərinə görə, komandamız “Tofiq Bəhramov”da İsrail millisi ilə bərabərliyə (1:1) qalaraq, mərhələyə 1 xalla başladı. Qarşılaşmadan sonra isə AFFA prezidenti Rövnəq Abdullayev futbolçularla görüşdü. Ardından assosiasiya rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

- Öncə görüşlə bağlı fikirlərinizi bilmək istərdik...
- Bu gün komandamız qələbəyə layiq idi. Lakin bəxt bizim tərəfdə olmadı.

- Komandamızın sərgilədiyi oyun sizi qane etdimi?
- Millimizin ən yaxşı oyunlarından birini keçirdiyi deyərdim. Bunu hamı gördü. Düşünürəm ki, artıq komanda formalaşıb.

- Nəticəni qənaətbəxş saymaq olarmı?
- Gəlin nəzərə alaq ki, İsrail yığması reytinqdə bizdən daha yüksək yerdədir. Ümumilikdə, ilk matçda 1 xal qazanmaq pis deyil. Komanda gələcəkdə daha yaxşı oynaya bilər. Bu gün İsrail yığması belə oynayacağımızı gözləmirdi. Onlar 1994-cü ildə olduğu kimi rəqib görəcəklərinə ümid edirdilər. Ümid edirəm ki, uğur uğurun dalınca gələr.

- Millimiz 4 gün sonra Braqada Portuqaliya ilə görüşdə möcüzə edə bilərmi?
- Meydan düzdür, top dəyirmi. Hər şey ola bilər. Sadəcə, komandanı dəstəkləməliyik. Xahiş edirəm ki, futbolçulara dəstək olasınız. Onlar gəncdirlər, psixoloji dəstəyə ehtiyacları var.

- Azarkeşlərdən razı qaldınızmı?
- Onlara təşəkkür edirəm ki, komandanı dəstəklədilər. Bütün oyunlarda komandaya belə dəstək vermək lazımdı. Bu gün hakimliklə bağlı müəyyən problemlər oldu. Bir neçə şans da oldu.