Rəşad Sadıqov: Ona xüsusi tapşırıq verilmişdi - MÜSAHİBƏ
08.09.2012 - 09:50
Rəşad Sadıqov: Ona xüsusi tapşırıq verilmişdi - MÜSAHİBƏ
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində İsraillə oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Nəticədən razı qaldınızmı?
- Təəssüf ki, qələbə qazanmağı bacarmadıq. Hərçənd, qol imkanlarımız var idi. İkinci qolu vurub, 3 xal qazana bilərdik.

- Rəqib necə təsir bağışladı?
- Müdafiədə çox yaşı oynayırdılar. Komanda oyunu ilə seçilirdilər.

- Yəqin ki, israillilər millimizdən belə oyun gözləmirdilər...
- Rəqib sanki oyuna hazır deyildi. Əsasən də 2-ci hissədəki oyunumuzu gözləmirdilər. Elə bilirdilər biz müdafiəyə çəkilib, əks-hücumlara bel bağlayacağıq. Lakin başabaş oynadıq.

- Qələbə üçün yığmamıza nə çatmadı?
- İlk dəqiqələrdən 2-ci hissədəki kimi oynasaydıq, və ya həmin qolu buraxmasaydıq qalib gələrdik. İstənilən halda, şükürlər olsun ki, ilk matçda uduzmadıq, seçmə mərhələyə xalla başladıq. Qarşıda bizi 3 səfər oyunu gözləyir. Xüsusilə, Portuqaliya və Rusiya ilə qarşılaşmalar.

- Əli Gökdəmirin çıxışın necə dəyərləndirirsiniz?
- Onu tənqid etmək düz olmaz. Gəncdi, ilk belə sınağı idi.

- Yığmaya xeyir verə bilər?
- Əlbəttə. Düzdü, bu gün istədiyi kimi oynaya bilmədi. Həm də öz mövqeyində çıxış etmirdi, üstəlik, Foqts ona xüsusi tapşırıq vermişdi.

- Amma Əli əvəzlənəndən sonra komandanın oyunu düzəldi, milli irəli atıldı...
- Komandanın ilk yarıdakı oyunu onunla bağlı deyildi. Sadəcə, ilk hissə ilə 2-ci arasında böyük fərq oldu. Birinci hissədə fikirləşirdik ki, sakit oynayıb gücümüzü 2-ci hissəyə qoruyaq və qol vuraq. Amma elə oldu ki, ikincidə qol buraxdıq. Bu gözlənilmədən oldu. Bundan sonra daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq.

- Hesab oyuna görə idi?
- Belə baxanda, 1:1 pis nəticə deyil. Amma 2-ci hissədə qol epizodlarımız oldu. Yararlansaydıq, qalib gələrdik.

- Zədəniz nə yerdədir?
- Futbolda belə şeylər olur. 1-2 tikiş qoydular, hər şey qaydasındadır.