“Çox istərdim ki, o, “Xəzər Lənkəran”a qayıtsın” - MÜSAHİBƏ
08.09.2012 - 10:20
“Çox istərdim ki, o, “Xəzər Lənkəran”a qayıtsın” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsinin İsraillə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, o, qarşılaşma haqda fikirlərini açıqlayıb.

- Ruslan, nəticə sizi razı saldı?
- Düzünü deyim ki, qələbə qazanmaq istəyirdik, amma heç-heçə də pis nəticə deyil. Oyunun gedişində hesabda geri düşmüşdük, amma sonda hesabı bərabərləşdirə bildik.

- Komanda sanki, birdən–birə ayıldı. Komandada nə baş verdi: əvəzetmələr özünü göstərdi, yoxsa hesabda geri düşməyiniz buna səbəb oldu?
- Əlbəttə, əvəzetmələr də öz sözünü dedi. Hücumlarımızın kəsəri artdı, bir neçə qol epizodu yaxaladıq. Heyf ki, istifadə edə bilmədik. Hər şey artıq keçmişdə qaldı, biz qarşıdan gələn Portuqaliya ilə oyunu düşünməliyik. Bu oyunda layiqli çıxış edərək yaxşı nəticə qazanmalıyıq.

- Vurduğunuz qolu kimə həsir edirsiniz: səhv buraxıb komandanı məğlub duruma salan qapıçınız Kamran Ağayevə, yoxsa, əzizlərinizə?
- Qolu anama həsr edirəm. Düzdür, buraxdığımız qolda Kamranın səhvi oldu, amma Kamran elə vəziyyətdədir ki, biz ona dəstək olmalıyıq. Mən çox istərdim ki, o “Xəzər Lənkəran”a qayıtsın və yenidən birlikdə çıxış edək.

- Sizin fikrinizcə qələbə qolunu vura bilərdikmi?
- Əlbəttə, bu günki oyunda əsas məqsədimiz qələbə qazanmaq idi. Amma bərabərlik də bizim üçün normal nəticə sayılmalıdı. Çünki 1:0 hesabı ilə geridə idik. Hesabı bərabərləşdirdikdən sonra yaxşı qol epizodlarımız oldu, əgər onları dəyərləndirsəydik qələb bizim olardı.

- Komanda növbəti oyuna hazırdırmı? Yorğunluq yoxdur ki?
- Sözsüz ki, bu Azərbaycan futbolunun xəstəliyidir. Dörd gündə iki oyuna çıxmağa, adətən fiziki cəhətdən çatdırmırıq. Amma artıq Avropa ilə ayaqlaşmaq lazımdı. Həkimlərimiz bizi bu oyunlara yaxşı hazırlayıblar. Portuqaliyaya qarşı layiqli futbol oynayıb sərfəli nəticə qazanmağa çalışacayıq. Hamı bilir ki, onlar bizdəb güclüdülər, amma əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq.

- Portuqaliyadan qorxmursunuz kı?
- Xeyr heç bir qorxu yoxdur. Heyətində bu qədər ulduzu olan bir komadaya qarşı oynamaq hər bir futbolçunun arzusudu.