Berti Foqts: Portuya qələbə qazanmağa gəlməmişik
09.09.2012 - 19:23
Berti Foqts: Portuya qələbə qazanmağa gəlməmişik
“Çox şadıq ki, belə gözəl oteldə məskunlaşıb, belə çətin oyuna hazırlaşırıq. Bizim üçün 4 gündə 2 oyun keçirmək çətin olacaq. Üstəlik, 4 saatlıq fərqi də nəzərə almalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.

Komandamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində sentyabrın 11-də Portuqaliya millisinin qonağı olacaq. Bununla əlaqədar bu gün Portuda almaniyalı çalışdırıcının mətbuat konfransı keçirilib.

Foqts bildirib ki, komandası Portuqaliyaya qələbə üçün gəlməyib: “Biz bura qələbə qazanmağa gəlməmişik. Futboldan anlayışı olanlar bunu yaxşı bilir. Bu qarşılaşma millimiz üçün yaxşı təcrübə olacaq. Amma sonadək mübarizə aparacağıq”.

Həmkarımızın “yığmamız adlı-sanlı rəqiblərdən həmişə xal alıb. Portuqaliya ilə görüşdə də sürpriz nəticə göstərə bilərikmi” sualına isə Foqts belə cavab verib: “O sürpizlər həmişə ev oyununda olub, səfərdə yox. Bilirsiniz ki, qrupun favoriti Portuqaliya və Rusiyadır. Bu komandalara mane olacağımıza inanmıram. Biz 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün çalışırıq”.

Heyətə gəlincə, Foqts hələlik start heyətinin müəyyənləşmədiyini söyləyib: “Bəzi futbolçuların zədəsi, bəzilərinin qızdırması var. Konkret olaraq, Mahirin yüngül zədəsi, Vaqifin qızdırması var. Portuqaliyaya qarşı bir neçə yeni futbolçuya şans verəcəyik. Onlarına adlarını açıqlamaq istəmirəm. Çünki qarşıda hələ 2 məşqçimiz var”.

Almaniyalı çalışdırıcı dünyanın ən güclü futbolçuları olan Messi və Ronaldo arasında da müqayisə aparıb: “Biz bütün fikrimizi 2 gün sonra baş tutacaq oyuna yönəltməliyik. Mən “Mançester Yunayted” azarkeşiyəm və Ronaldo bu klubda özünü doğruldub. Ona görə üstünlüyü Ronaldoya verirəm. Amma hər ikisi dünyanın ən güclü futbolçusudur. Mən də sizə sual verirəm, elə bir azərbaycanlı futbolçu tanıyırsınızmı ki, məşqdən sonra fərdi şəkildə qalıb çalışsın? Başa düşə bilmirəm ki, bizim gənc futbolçular evdəki oyunu səfərdə niyə sərgiləyə bilmirlər”.

Foqts daha sonra Portuqaliya yığmasının AVRO-2012-dəki çıxışına toxunub: “Son illər Portuqaliya futbolunda inkişaf daha çox hiss olunur. Avropa çempionatında yeganə komanda oldu ki, İspaniya ilə başabaş mübarizə apardı. Hətta qələbə qazanmağa şansları da vardı. Bu komanda tək Ronaldodan ibarət deyil. Başqa tanınmış futbolçuları da var”.

İsraillə oyunda buraxılan qolda Kamran Ağayevin səhvinə toxunan almaniyalı mütəxəssis onun klubsuz qalmasını böyük problem sayıb: “Çünki oyun təcrübəsi olmayanda, futbolçu formadan düşür. Qapıçı da komandanın bir üzvüdür. 11 oyunçudan biri qapıçıdır. Bizim də 1 qapıçımız var və Kamran Portuqaliyaya qarşı oynayacaq”.

Ardından Portuqaliya mediasının suallarını cavablandıran Foqts Azərbaycan haqda danışıb: “Bakı çox gözəl şəhərdir. Orada yaşamaq xoşdur. Bakını müəyyən mənada oyunun keçiriləcəyi Portu ilə müqayisə etmək olar. Deyərdim ki, Bakı lap Dubay kimidir – Avropa ilə Asiyanın kəsişməsində yerləşir”.

1998-ci ildə Almaniya yığmasının baş məşqçisi kimi Portuqaliya ilə görüşən Foqts 14 il əvvəlki xatirələrini bölüşüb: “Həmin oyunu yaxşı xatırlayıram. Özü də təkcə onu yox. Mən gənclər yığmasında çalışanda da Portuqaliya ilə çox görüşmüşük. O vaxt Almaniya və Portuqaliya yığmaları tez-tez qüvvələrini yoxlayırdılar. Bu oyunlar həmişə çətin olub. Təkcə 1998 deyil, 1990-cı ildə də belə olub. Həmin vaxt Luiş Fiqu ilə Rui Koşta hələ çox gənc idi”.