Növbəti təlim
10.09.2012 - 09:48
Növbəti təlim
Sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri davam etdirilir. Apasport.az saytının məlumatına görə, 7 aydan çox seçimləri davam edən 1000-ə yaxın könüllünün cəlb olunduğu böyük futbol layihəsində könüllülərlə təlimlər də mütəmadi qaydada keçirilir. Bu dəfə çempionat dövründə media sahəsində çalışacaq olan gənclər Amerikanın Sülh Korpusunun könüllüsü Marcia Moritadan könüllülüyün incəlikləri haqqında təlim alıb, suallarına cavab tapıblar. İnteraktiv şəkildə davam edən təlimdə təcrübəli könüllü Marcia Morita gənclərin könüllülüyün onlar üçün nə ifadə etdiyi, qazanclarının nə olabiləcəyi haqqında olan düşüncələrini dinləyib.

Çempionatın Yerli Təşkilat Komitəsinin əsas məqsədlərindən biri gənclərə sadəcə praktiki təcrübə vermək deyil, həmçinin yeniliklərə yanaşma tərzi formalaşdırmaq, şəxsiyyətlərinin formalaşmalarında yardım etmək, şəbəkələşmələrinə dəstək vermək və ölkəmizdə qalıcı könüllülük mədəniyyətini formalaşdırmaqdır. Qeyd edək ki, könüllülərlə təlimlərin praktiki tərəfləri işləyəcəkləri stadionlarda davam etdirilir.

Mənbə: affa.az