“Neftçi”nin rəqibi karyerasını bitirir
10.09.2012 - 13:02
“Neftçi”nin rəqibi karyerasını bitirir
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İtaliya “İnter”inin kapitanı Xavyer Zanetti karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı argentinalı müdafiəçi cari mövsüm başa çatandan sonra futbolçu həyatı ilə vidalaşacaq.
Milan təmsilçisinin rəmzinə çevrilən Zanettiyə artıq klubun vitse-prezidenti vəzifəsi təklif olunub. Bunlar yaxınlarda keçiriləcək mətbuat konfransında rəsmən açıqlanacaq.
Qeyd edək ki, 1995-ci ildən “İnter”in şərəfini qoruyan futbolçu klub tarixinə hamıdan çox – 803 oyun keçirən futbolçu kimi düşüb. 17 ildə 5 dəfə İtaliya çempionu, 4 dəfə kubokun sahibi olan müdafiəçi 4 dəfə də Superkuboku əldə edib, beynəlxalq arenada isə Çempionlar Liqası, Klublararası dünya çempionatı və UEFA kubokunu qazanıb.