Azərbaycan çempionuna ağır cəza
10.09.2012 - 16:41
Azərbaycan çempionuna ağır cəza
UEFA futzal üzrə Azərbaycan çempionu “Araz”ı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun əsas seçmə mərhələsində iştirak edən təmsilçimizə texniki səhvə yol verdiyi üçün UEFA-nın İntizam və Nəzarət Komitəsi tərəfindən texniki məğlubiyyət verilib.

Sentyabrın 5-də futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində "Araz" İrlandiyanın EID klubu ilə qarşılaşıb və təmsilçimiz 2:1 hesabı ilə qələbə qazanıb. Qeyd olunmuş qarşılaşmada çempionumuzun heyətində qapıçı Laercio Buranello çıxış edib. UEFA tərəfindən müəyyən edilib ki, "Araz"ın müraciətinə baxmayaraq, Buranellonun transferi ilə bağlı müvafiq sertifikat oyunun keçirildiyi günə qədər Belçika Futbol Assosiasiyası tərəfindən göndərilməyib. Başqa sözlə, mövcud qaydalara əsasən, adıçəkilən futbzalçının adı "Araz" - EID oyununda heyətə daxil edilməməli idi. Lakin legioner həmin qarşılaşmada iştirak edib. Bunu nəzərə alan UEFA-nın İntizam və Nəzarət Komitəsi "Araz" - EID oyununun nəticəsini ləğv edərək təmsilçimizi 0:5 hesablı texniki məğlubiyyətlə cəzalandırıb.

Texniki məğlubiyyətə baxmayaraq, "Araz" əsas seçmə mərhələnin 6-cı qrupunda ikinci yeri tutaraq elit-raunda vəsiqə qazanıb.

Qeyd edək ki, komandalarımız əvvəllər də texniki səhvlərə görə məğlubiyyətlə cəzalanıb. U-21 Avropa çempionatlarının seçmə oyunlarından 2-də cəzalanıb. “Bakı” klubu isə Avropa Liqasında bunun “qurban”ı olub.

Mənbə: affa.az