“Azərbaycanda yalnız Bakı klubları ilə “Xəzər Lənkəran” seçilir”
12.09.2012 - 13:19
“Azərbaycanda yalnız Bakı klubları ilə “Xəzər Lənkəran” seçilir”
“Azərbaycan çempionatında məni cəlb edən xüsusi bir şey yox idi. Sadəcə yaş amili ora getməyimə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun U-15 komandasının məşqçisi Mixail Starostyak deyib.

Ukrayna milli komandasının sabiq futbolçusu klubun rəsmi saytına müsahibə verib. Sabiq müdafiəçi vaxtilə Azərbaycanda şərəfini qoruduğu Zaqatala “Simurq”una gəlişindən və futbolumuzdan da danışıb: “Həmin vaxt 35 yaşım var idi. Ukraynada futbolçu kimi hesabdan silinmişdim. Güclülər dəstəsindən təklif yox idi. Aşağı dəstədə oynamaq istəmirdim. Ona görə də Roman Pokoranın “Simurq”da oynamaq təklifini qəbul etdim. Azərbaycan çempionatı ciddi heç nə ilə fərqlənmir. Yalnız Bakı klubları ilə “Xəzər Lənkəran” seçilir. Mən ora gedəndə məhz sonuncular çempion idi”.

Starostyak klublarımızın maliyyə məsələsindən də bəhs edib: “Azərbaycanda 5-6 komandanın maliyyə vəziyyəti pis deyil. Mənim oynadığım “Simurq”da isə orta səviyyədən bir az aşağı idi. Amma narazılığım yoxdur. Belə maliyyələşmə ilə də “Neftçi” və “Xəzər Lənkəran”la rəqabət apara bilirdik. 2009-cu ildə 3-cü olmaqla avrokuboklara da vəsiqə qazandıq”.