Portuqaliya kabusa çevrilir, Polşa əlçatmazdır
12.09.2012 - 14:38
Portuqaliya kabusa çevrilir, Polşa əlçatmazdır
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşan Portuqaliya yığması qapımıza vurulan qolların sayını 16-ya çatdırdı. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gələn pireneylilər əvvəlki 4 oyunda yığmamızı 13 dəfə məyus etmişdi.

Avro-2000-də səfərdə 0:7 uduzub evdə 1:1 hesablı bərabərə qalan yığmamız 8 il sonra daha 2 dəfə Portuqaliya millisinə imtahan vermişdi. Avro-2008-də səfərdə 3, evdə 2 cavabsız qolla uduzan millimiz 4 oyunun ümumi nəticəsində aşkar geridə idi - 1:13.

Braqadakı məğlubiyyətdən sonra isə Portuqaliya – Azərbaycan duellərindəki hesab 16:1-ə çatdı. Bununla da pireneylilər millimizə ən çox qol vuran komandalar sırasında irəliləyib. Kriştianu Ronaldo və komanda yoldaşı millimizə 15 qol vuran Almaniya, Finlandiya və Macarıstanı da arxada qoyub.

Lakin millimiz üçün kabusa çevrilməkdə olan Portuqaliyadan da amansız rəqibimiz var. Bu. Polşa yığmasıdır. Şərqi Avropa təmsilçisi yığmamızla qarşılaşmalarda daha çox – 20 dəfə fərqlənib. Portuqaliya isə yalnız 2-cidir.