“Mən onlara inanıram, amma yaş da öz işini görür” - MÜSAHİBƏ
12.09.2012 - 16:43
“Mən onlara inanıram, amma yaş da öz işini görür” - MÜSAHİBƏ
Azərbaycan Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun apasport.az saytının Portuqaliyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Portuqaliya – Azərbaycan matçını canlı izlədiz. Oyun barədə fikirləriniz maraqlıdır...
- Oyun göz qabağında idi, mən sizə nə deyim? Ümumiyyətlə, 9 nəfər müdafiəçi ilə futbol oynamırlar. Düzdür, biz səfərdə meydana çıxmışdıq, amma hücumda da özümüzü göstərməliydik. Buna uşaqlar öyrəşməlidirlər. Komandamız son oyunlarda xal almaq üçün ancaq müdafiədə oynamağa çalışır. Bu da çox pisdir. Oyundur, müdafiədə nə qədər oturacaqlar bunlar? Belə olan halda sonda da olsa, top buraxacaqsan.

- Portuqaliyaya qarşı açıq futbol oynamaq lazım idi?
- Bəli. Onsuz da onlarla səfərdə oynayırdıq, qalib gəlmək çətin idi. Amma belə olan halda futbolçularımız təcrübə toplayardılar. Biz isə həmişə müdafiədə oynamağa çalışırıq.

- Sizcə, bu oyuna hansı taktika ilə çıxmaq daha yaxşı olardı? Berti Foqts 4-4-1-1 sistemini seçmişdi...
- Uşaqlar hamısı müdafiədə idi. Müdafiəçinin işi isə topu alıb, qabağa ötürməkdir. Sonra yarımmüdafiəçi topu saxlamalı, rəqibi keçməlidir. Hücumçular da həmçinin. Hər mövqeyin öz funksiyası var. Bunların hamısı eyni idilər. Müdafiəçi və ya yarımmüdafiəçi heç zaman hücumda oynaya bilməz. Çünki bu mövqelər tam fərqlidir. Əgər müdafiəçi hücumda oynaya bilsəydi, elə hücumçu olardı.

- Futbolçularımızın hələ öyrənməli olduğunu dediz. Bu nə vaxta kimi davam etməlidir?
- Bizdə vəziyyət belədir. Mən neçə illərdir deyirəm, çalışıram ki, fikrimi çatdıram. Amma bu gün yenə belədir. Azərbaycan futbolunun bir az səviyyəsi aşağıdır. Çempionatımızı yüksəltməli, klublarımızın siyasətini dəyişməliyik. Hər şey yavaş-yavaş çoxdan düzəlməli idi.

- İsraillə ilk oyunda Əli Gökdəmir zəif çıxış etmişdi. Foqts onu Əfran İsmayılovla əvəzlədikdən sonra matçın axarı dəyişmişdi...
- İsraillə matçda biz nə etdik? Yenə oyunu uduzurduq, bir təhər bərabərlik qolunu vura bildik. İsrail komandaları bizi həmişə lazımınca qiymətləndirməyib. Onlar bilirlər ki, Azərbaycanın reytinqi aşağıdır və burada rahat oynamağa gəlirlər. Bunun nəticəsində futbolçularımız da onlardan xal alırlar. Portuqaliya da bizə qarşı elə çıxış etdi. Birinci hissədə gördünüz ki, onların futbolçuları hərəsi özü üçün oynayırdı. Arxayın çıxmışdılar və ona görə də qol vura bilmədilər. Amma fasilədə anladılar ki, ikinci hissədə bu oyunu udmaq lazımdır. Nəticədə yaxşı mübarizə aparıb, qalib gəldilər.

- Rəqibin 3:0 hesablı qələbəsi ədalətli nəticədir?
- Xeyr, onlar daha çox qol vura bilərdilər. Azı, 7-8 dəfə fərqlənməli idilər. Bizə çətindir. Belə oyunla heç nə qazana bilmərik. Biz hələ inamla yaşayırıq ki, Allah qoysa yaxşı olacaq. Amma hələ ortaya bir şey çıxmır. Biz hansısa komanda ilə 0:0 ediriksə, sevinirik. Digər yığma 1 qol vursa, yenə eyni hal müşahidə olunur. Artıq qələbə qazanmaq lazımdır, müstəqil ölkə kimi oynadığımız 20 ilə gəlib çatır. Rahat mübarizə aparmalıyıq, ancaq hələ bu yoxdur. Biz reytinqinə görə, Avropanın 3 ən güclü komandasından biri ilə oynadıq. Yığmamız isə qitədə təxminən 40-cı yerdən aşağıda qərarlaşıb. Biz reytinqdə ilk “30-luq”dan kənar qalan komandalarla rahat futbol oynamalıyıq.

- Klublarımızın səviyyəsinin yığmadan yüksək olması ilə razısız?
- Yox. Klubla yığma tam başqadır. Klublar üçün oynamaq bir az asandır. Burada əsasən legionerlərdi. Yenə deyirəm, oyunda hər mövqeyin yiyəsi öz işi ilə məşğul olmalıdır. Eyni sistemlə oynamaq olmaz. Biz isə səfərdə ancaq müdafiə futbolu nümayiş etdiririk. Əsas qapımızın toxunulmazlığını düşünürük, bu isə axırda nəticə vermir. Mən başa düşürəm ki, 1 xal qazanmaq istəyirlər. Amma belə çox çətindir. Komanda hücum edəndə rəqibin müdafiəçiləri də qabağa gəlmirlər. Qorxurlar ki, irəli getsələr, rəqib onları cəzalandırar. Ancaq sən müdafiə olunanda 11 nəfərlə hücuma atılırlar. Portuqaliya ilə matçda qapıçı da stadionda mərkəz xəttinə kimi gəlmişdi.

- Yığma böyükhesabla uduzdu. Yekunun belə olmaması üçün hansı məsləhətləri verərdiz?
- Mən oyundan qabaq bilirdim ki, komada uduzacaq. Lakin çox top buraxacaqlarına inanmırdım. 0:2 hesabı proqnozlaşdırırdım.

- Foqts bu komandanın Avro-2016-da oynayacağını deyib. Bu, realdımı?
- Yox. Bu real deyil, çətindir. Biz qitədə reytinqimizə görə 43-cü yerdəyik. Yığmamızdan sonra Lixtenşteyn, Lüksemburq və bu kimi digər komandalar qərarlaşıb. Amma bizdən yuxarıda olan millilərdən 30-35-i güclüdür. Belə oyunla hara çıxa bilərik? Bizdə heç olmasa gənc futbolçular da yetişmir ki, deyək ki, onlar yaxşıdır. 21 yaşadək uşaqlara klublarında dəstək verilməlidir, oynamalıdırlar. Çünki Avropada 20-21 yaşlı futbolçular artıq millidə çıxış edirlər. Bizdə kim oynayacaq? İndiki uşaqlar neçə ildir yığmadadırlar, hələ həmin nəticəni verirlər. Mən onlara inanıram, amma yaş da öz işini görür.