Vitali Borisov: Elə olurdu ki, boş qapıya top vururduq - MÜSAHİBƏ
13.09.2012 - 11:20
Vitali Borisov: Elə olurdu ki, boş qapıya top vururduq - MÜSAHİBƏ
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin Macarıstanda keçirilən qrup oyunlarında ikinci yeri tutmaqla elit-raunda yüksələn Naxçıvanın “Araz” klubunun üzvü Vitali Borisovun apasport.az saytına müsahibəsi

- Qrup görüşləri barədə nə deyə bilərsiniz?
- Oyunlar olduqca keçdi. İlk qarşılaşmada İrlandiya çempionu EİD klubu ilə qarşılaşdıq. Onları məğlub etsək də, sonradan bu matçın nəticəsi ləğv edildi və komandamıza texniki məğlubiyyət verildi.

Texniki məğlubiyyətin verilməsinə səbəb nə idi?
- Yeni qapıçımız olan Laerçio Buranellinin sənədində problem yaranmışdı. Buna görə də qələbə əlimizdən alındı. Təbii ki, bu heç də yaxşı hal deyildi. Çünki ilk oyunda texniki məğlubiyyət verildiyindən, bizim qarşıdakı 2 oyunda qələbə qazanmağımız lazım idi. Sadəcə, bəxtimiz gətirdi ki, EİD ilə “Eyndhoven”in duelində Hollandiya çempionu qələbə qazandı. Əks təqdirdə, irlandlar ikinci yeri tutacaqdı. Onların məğlub olması bizim üçün yaxşı oldu. Çünki üçüncü oyunda heç-heçə də “Araz”ı qane edirdi. “Dyor”la qarşılaşma gərgin və dramatik keçdi. Oyun komandamız üçün yaxşı başlamadı. Hesabda geri idik. Təsəvvür edin, 1:4 hesabı ilə uduzduğumuz oyunda sonradan dönüş yarada bildik. Hətta sona yaxın 5:4 hesabı ilə irəli çıxmışdıq. Son saniyələrdə bəxtsiz qol buraxdıq. Oyun 5:5 hesabı ilə başa çatdı. Yekunda 4 xalla qrup ikincisi kimi elit raunda vəsiqə qazandıq.

- UEFA-nın bu qərarı psixoloji baxımdan sizə necə təsir göstərdi?
- İkinci oyunu udduqdan sonra artıq növbəti mərhələyə vəsiqə qazandığımızı düşünürdük. Çünki həm bizim, həm də “Dyor”un aktivində 6 xal olurdu. Amma qərarla tanış olduqdan sonra bu bizə psixoloji baxımdan mənfi təsir göstərdi.

- Amma UEFA-nın saytında “Araz”ın aktivində 7 xal göstərilib.
- Yaxın vaxtlarda qərarı göndərəcəklər. Cəzalandığımız dəqiqdir.

- Ümumiyyətlə qələbə qazandığınız oyunlarda rəqibləri cəmi 1 top üstünlüyü ilə məğlub etmisiz. Amma qrup lideri “Dyor” daha məhsuldar oyun nümayiş etdirib. Bu göstəricidə geri qalmağı nə ilə izah edirsiniz?
- Ola bilsin, bu psixoloji gərginliklə bağlı olub. “Dyor” bizdən fərqli, onları daha rahat vaxtda yaxaladı və qələbələr qazandı. Sonuncu oyunda isə komanda həqiqətən də xarakter nümayiş etdirdi. 1:4 hesabı ilə məğlub olduğumuz oyunda ardıcıl 4 qol vurduq və yekunda heç-heçə etməyə nail olduq. Əslində, qələbə qazanmalı idik. Son saniyələrdə top öz oyunçumuza dəyib qapımıza daxil oldu. Macarıstan çempionu da yaxşı komanda idi. Heyətində 4 legioner yer alırdı. Həm də onlar ev sahibi idilər. Digər iki komanda da zəif deyildi.

- Azarkeşlərin komandamıza münasibəti necə idi?
- Heç bir problem yox idi. Oyuna gedəndə, eləcə də, gələndə polis bizi qoruyurdu. Azarkeşlər isə arenaya gəlib, öz komandalarını dəstəkləyirdilər. Hansısa təzyiqlə, qeyri-etik hərəkətlə qarşılaşmadıq.

- “Araz”a yeni cəlb edilən legionerlər necə, komandaya kömək edə bildilərmi?
- Bu suala baş məşqçi cavab versə yaxşıdır. Qapıçımız məlum səbəbdən yalnız ilk oyunda iştirak etdi. Qalan iki matçda qapını Marat Salyanski qorudu. Rodrigo isə “Eyndhoven”lə oyunda zədələndi. Karlosa gəldikdə, 4 qol vurdu. Bunlardan ikisini “Eyndhoven”lə matçda, digər ikisini isə “Dyor”la dueldə rəqib qapısından keçirdi.

- Yeri gəlmişkən, Karlosla yanaşı, siz də 4 qol vurmusuz...
- Bəli, 4 qol vurdum. Komanda yoldaşlarım yaxşı ötürmələr verirdi, biz də onu qapıdan keçirirdik. Elə olurdu ki, boş qapıya top vururduq.

- Artıq komandalar səbətlərə bölünüb. Elit-raundda “Araz”ın hansı klublarla qarşılaşmasını istəmirsiniz?
- İspaniya təmsilçiləri “Barselona” və “Mursiya”nın düşməsini istəməzdim. Onlar çox güclüdürlər. “Benfika” və ya “Kayrat” daha münasib rəqiblərdir. Düzdür, Qazaxıstan klubu da güclüdür. Heyətlərində 8-9 legioner çıxış edir. İkinci səbətdən isə Moskva “Dinamo”sunun düşməsini istəməzdim. Çox güclü komandadır. Sabit heyəti var. Digər rəqiblərdən kimlər düşür, düşsün. “Araz”da zəif komanda deyil.