“Xəzər Lənkəran”ın təklifinə tərəddüd etmədim” – MÜSAHİBƏ
14.09.2012 - 10:27
“Xəzər Lənkəran”ın təklifinə tərəddüd etmədim” – MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun veteran futbolçusu Alim Qurbanov dünən paytaxtdakı şadlıq saraylarının birində subaylığın daşını atdı. Mərasimdə ölkənin tanınmış futbol simaları ilə yanaşı, “ağ-yaşıllar”ın yeni məşqçisi Erik Roketa da iştirak edirdi. Gənc ispaniyalı mütəxəssis apasport.az saytının əməkdaşı ilə söhbətində cənub təmsilçisinə gəlməsindən, futbolçuların hazırlığından və ilk dəfə ölkəmizdə iştirak etdiyi toy mərasimindən danışıb.

- Azərbaycana gəlmək variantı necə alındı?
- Son vaxtlar İspaniyada iş tapmaq bir az çətin məsələdir. Bu səbəbdən xaricdə işləmək istədim. “Xəzər Lənkəran” rəsmləri mənimlə Qəbələyə kursa glən “Barselona”lı mütəxəssis Karles Marturel və komandanın tərcüməçisi Elvar Quliyev vasitəsilə əlaqə yaratdı. Bu klubun Azərbaycanın yüksək dəstəsində oynadığını bildikdən sonra qərar verməkdə tərəddüd etmədim və təklifi dərhal müsbət cavablandırdım.

- Ölkəmiz barədə ilkin təəssüratlarınız necədir?
- Azərbaycanın sadə bir ölkə olduğunu düşünürdüm. Bura geniş məlumat toplamadan gəldim və ölkəniz məni yaxşı mənada təəccübləndirdi.

- 27 yaşında iddialı, çempionluğa oynayan klubda işləmək sizə çətinlik yaratmayacaq ki?
- Əvvəl çalışdığım klublarda da bu postu mənə tapşırmaqda tərəddüd etməyiblər. Özümü belə klublar üçün tam hazır sayıram. Yəqin ki, bu yaşda belə komandalarda çalışmağım böyük addımlarla irəliləməyimin nəticəsidir.

- “Xəzər Lənkəran”da sizi necə qarşıladılar?
- Çox yaxşı. Elə gəldiyim birinci gün baş məşqçi Yunis Hüseynov isinmə hərəkətlərini mənə həvalə etdi. Onlar peşəkardırlar, işlərini bilirlər. Yəqin ki, xaricdən gələn məşqçilərin də oyunçulara nəsə verəcəklərini düşünürlər. Biz də burada futbolçuları həmişə fiziki cəhətdən yüksək səviyyədə saxlamağa çalışacağıq.

- Artıq bir neçə gündür “Xəzər Lənkəran”dasız. Futbolçuların hazırkı fiziki durumu necədir?
- Lənkərana gəldiyim 3-4 gün ərzində bu sualı mənə çox veriblər. Oyunçuları hələlik rəsmi matçda görmədiyimdən hansısa nəticə çıxarmaq bir qədər çətindir. Amma məşqlərə əsasən deyə bilərəm ki, komanda yaxşı vəziyyətdədir və fiziki cəhətdən hazırlıqlı görünür.

- “Xəzər Lənkəran” sabah əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq. Bu matçda fiziki cəhətdən hansısa problem olmayacaq ki?
- Biz həftə ərzində yaxşı işləmişik. Yenə də futbolçuların hazırlığı haqda nəticəni matçdan sonra deyə biləcəyimi təkrarlamalıyam. Amma mənə elə gəlir ki, belə oyunlarda fiziki hazırlıq arxa plana keçir. Çünki oyunçuların motivasiyası, rəqiblər arasında olan prinsipiallıq onları meydana həvəslə çıxmağa, bütün güclərini ortaya qoymağa məcbur edir. Buna görə də belə matçlarda fiziki hazırlıq ikinci plana keçir. Məncə, komanda yaxşı vəziyyətdədir, amma istənilən halda, oyundan sonra mən onların vəziyyətini biləcəm.

- Azərbaycanda ilk dəfə toyda iştirak etdiniz. Bu mərasimlə İspaniya toyu arasında hansı fərqlər var?
- Ümumu format, zal demək olar eynidir. Amma təamlar, musiqi və rəqslər bizlə müqayisədə tamamilə fərqlənir. Xüsusilə, yeməklərin bolluğu diqqəti cəlb edir. Bir sözlə, bu toy çox xoşuma gəldi.