Karen Fünter: Azərbaycana yarımfinala çıxmağa gedirik
14.09.2012 - 11:06
Karen Fünter: Azərbaycana yarımfinala çıxmağa gedirik
“Almaniya yığmalarının böyük turnirlərdə favoritlərdən olduğunu hamı bilir. Bizim üçün minimum vəzifə yarımfinala yüksəlmək olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın 17 yaşadək qızlardan ibarət milli komandasının tibb personalının rəhbəri Karen Fünter deyib.

O bildirib ki, komandası gələn həftə start götürəcək dünya çempionatının final mərhələsinə tam hazırdır.

Futbolçuların sağlamlığının keşiyində duran xanım komandasının Azərbaycandakı mundiala əla hazırlıqlı və iddialı gəldiyini söyləyib: “Elə 17 yaşadək qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatında da ən azı finalın 1 addımlığınadək irəliləməliyik. Azərbaycana yarımfinala çıxmağa gedirik. Bundan başqa, istənilən nəticə bizim üçün fiasko olacaq. Lakin bu, heç də asan olmayacaq. Çünki qadınların yarışlarında bir çox ölkələr iddialıdır. Ümid edirəm ki, bizim U-17 vəzifənin öhdəsindən gələcək. Komandanın durumu əladır. Turnirə yüksək səviyyədə hazırlaşmışıq”.