Adrian Pit: Onu futbolçu saymaq olmaz
14.09.2012 - 14:56
Adrian Pit: Onu futbolçu saymaq olmaz
“Xəzər Lənkəran” klubunun rumıniyalı futbolçusu Adrian Pitin apasport.az saytına müsahibəsi

- Komandanız Premyer Liqanın V turunda əzəli rəqib “Neftçi” ilə qarşılaşacaq. “Xəzər Lənkəran” bu görüşə nə dərəcədə hazırdır?
- Yığmanın oyunu ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etdik. Lənkəranda yaxşı hazırlıq keçdik. Oyuna hazır olduğumuzu deyə bilərəm.

- Bu matçı azarkeşlər “Böyük oyun” adlandırırlar. Komandada həyəcan varmı?
- Razılaşıram, bu, derbidir. Son iki ilin çempionu ilə gümüş mükafatçısı üz-üzə gələcək. Bizim kimi, rəqib üçün bu oyun əhəmiyyətlidir. Ciddi yanaşacaqlarını bilirik. Məqsədimiz eynidir: qələbə qazanmaq üçün mübarizə aparacağıq. Bu qarşılaşma azarkeşlər üçün də vacibdir və onları sevindirmək istəyirik.

- Azarkeşlər hələ də ötən mövsüm 0:5 hesablı uduzduğunuz matçın revanşının nə vaxt alınacağını gözləyirlər...
- Qələbəni 1 və ya 10 top fərqi ilə qazanmağın elə də ciddi fərqi yoxdur. Çünki yekunda aktivinə yenə 3 xal yazılacaq. Düzü, 0:5 hesabı ilə məğlub olduğumuz oyun günü bəxtimiz gətirmədi. Həmin gün bizim üçün uğursuz alındı. Sonra iki dəfə qarşılaşmışıq. Bakıdakı oyunda 1:1 hesablı heç-heçə qeydə alındı. Lənkəranda isə rəqibi minimal hesabla yendik və onlardan güclü olduğumuzu sübut etdik.

- “Neftçi”nin sağ cinahında yaxşı tanıdığınız Julius Vobay çıxış edəcək. Sabiq komanda yoldaşınıza qarşı hansı tədbirlər görmüsüz?
- Onun necə oynadığını yaxşı bilirəm. Vobay da düşünür ki, onu necə dayandıracaqlar. Amma bir nəfərlə heç nə olmur. Razılaşıram, Vobay yaxşı futbolçudur. Juliusun oyununa Rumıniyada çıxış edən vaxtlardan bələdəm. Onunla “Xəzər Lənkəran”da bir yerdə çıxış etmişik və nəyə qadir olduğunu bilirəm. Bir nəfərin qarşısını almaqla iş düzəlmir. Vacib olan komandanı dayandırmaqdır ki, bunun da öhdəsindən gələcəyimizə əminəm.

- Azarkeş amili də aparıcı məqamlardandır. Aydın məsələdir ki, hər iki tərəf üçün meydanda arzuolunmaz oyunçular olacaq. “Neftçi”ni “Xəzər Lənkəran”a dəyişən Ruslan Abışovla, əks marşrut üzrə hərəkət edən Vobayı nəzərdə tuturuq. Bunu nəzərə alsaq, azarkeşlərin oyuna təsir etmək imkanı nə dərəcədədir?
- Azərbaycanda heç bir klubun azarkeşləri “Xəzər Lənkəran”ın fanatları ilə müqayisə oluna bilməz. Biz səfər oyunlarında heç vaxt özümüzü yad kimi hiss
etməmişik. Əksinə, bizim fanatlar meydan sahibi komandanın azarkeşlərindən çox olub. Ona görə də “Neftçi” ilə oyunda azarkeşlərin təzyiqi ilə qarşılaşacağımızı düşünmürəm. Fanatlarımızı stadiona dəvət edirəm və onların bizi sona qədər dəstəkləyəcəklərinə inanıram.

- “Neftçi” Avropa Liqasına vəsiqə qazanmaqla ilkə imza atdı. Paytaxt klubunun bu uğurunu gözləyirdinizmi?
- Bunu tək “Neftçi”dən yox, “İnter” və “Xəzər Lənkəran”dan da gözləyirdim. Çünki Azərbaycanda futbola böyük məbləğdə sərmayə qoyulur, yeni stadionlar istifadəyə verilir, bazalar tikilir. Bu mütləq bəhrəsini verməli idi.

- “Ağ-qaralar”ın gələn həftə “Partizan”la qarşılaşacağını nəzərə alsaq, onların öz güclərinə qənaət edəcəyini gözləmək olarmı?
- Düşünmürəm. Tam gücləri ilə oynayacaqlar. Futbolçu meydana çıxırsa, gücündən 100 faiz istifadə etməlidir. Bunu etməyən futbolçu peşəkar deyil. Onu heç futbolçu saymaq olmaz.

- Vaxtilə “Roma”nın heyətində “İnter”ə qarşı çıxış etmisiniz. Necə düşünürsüz, “Neftçi” İtaliya nəhəngini məğlub edə biləcəkmi?
- “İnter” əvvəlki əzəmətini saxlamayıb. Çünki heyətdə çox oyunçu dəyişib. Əvvəlki kimi oynamırlar. Onların “Vaslui” ilə oyununu izlədim. Rumıniyada 2:0 hesabı ilə qələbə qazandılar. Amma hesab oyuna görə olmadı. Çünki italyanlar bütün oyunu müdafiədə keçirdilər. Milandakı oyunda isə 2:2 hesabı qeydə alındı. Onlar məğlubiyyətdən son saniyələrdə qurtula bildilər. Bundan istifadə etmək olar. Əgər meydanda ürəklə mübarizə aparsan, mütləq xal qazanacaqsan. “Neftçi”nin mübarizədən kənarlaşdırdığı APOEL ötən il Çempionlar Liqasındakı çıxışı ilə hamını təəccübləndirmişdi. Futbolda belə hallar olur.