Vaqif Cavadov: Avropada №1
15.09.2012 - 12:58
Vaqif Cavadov: Avropada №1
DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrda baş tutan qarşılaşmalardan sonra UEFA müxtəlif statistik göstəriciləri açıqlayıb.

Bombardirlər, assistentlər, qapıya ən çox zərbə vuranlar, çərçivəyə düşənlər, ən kobud futbolçuların siyahılarını tərtib edən qurumun rəsmi saytı bu cədvəllərin heç birində Azərbaycan millisinin futbolçularını fərqləndirməyib. Əvəzində ən çox qayda pozuntusuna məruz qalanlar sırasında təmsilçimiz var ki, bu da Vaqif Cavadovdur.

23 yaşlı hücumçu millimizə ən çox cərimə zərbəsi qazandıran futbolçudur. Rəqibləri Vaqifi 6 dəfə qaydanı pozmaqla dayandırıb. Özü də Cavadov 4 gün əvvəl Portuqaliya ilə qarşılaşmada meydana çıxmayıb. Bu isə o deməkdir ki, o, təkcə 1 oyunda 6 qayda pozuntusu qazanıb. Bu da İsraillə görüşdə olub.

Həmin oyunda sol cinah yarımmüdafiəçisi kimi hücumlara dəstək verən Vaqif 6 dəfə qaydalar çərçivəsindən kənar yolla saxlanılıb. Bu nəticə Avropa zonasının seçmə oyunlarında 8-ci göstəricidir. Lakin mütləq göstəriciyə deyil, orta göstəriciyə baxsaq həmyerlimiz qitənin rekordçusudur. Belə ki, Avropada cəmi 2 futbolçu orta hesabla hər matçda 6 dəfə dayandırılıb. Bunlar Vaqif və san-marinolu Danilo Rinaldidir. Sonuncu da elə futbolçumuz kimi 1 matçda iştirak edərək 6 dəfə “fol”a məruz qalıb. Onlardan çox – 7-9 dəfə qayda pozuntusuna məruz qalan 7 futbolçu isə 2 matçda meydana çıxıb. Bu isə o deməkdir ki, cütlük Avropada hamıdan öndədir.