Ramin Musayev: Bəs mən harada stadion tikim?
19.09.2012 - 16:33
Ramin Musayev: Bəs mən harada stadion tikim?
“Azərbaycan Premyer Liqasının 4 turu arxada qalıb. Neçə vaxtdır ki, çempionatın sahibini axtarırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Rəhbəri olduğu qurumla “Topaz” şirkəti arasında Premyer Liqanın sponsorluğu ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimində çıxış edən Musayev əməkdaşlıq haqda fikirlərini açıqlayıb: “Nəhayət ki, onu tapdıq. Məsələnin belə gecikməsinin səbəbi şərtlərin müzakirəsi ilə bağlı idi. Bu əməkdaşlıq Azərbaycan futbolunun əməkdaşlığına xidmət edəcək”.

Qurum başçısı bildirib ki, anlaşmada qarşı tərəf heç də reklamı düşünməyib: “Bu müqavilə “Topaz”ın reklamından daha çox futbolun inkişafı üçün nəzərdə tutulub”.

Musayev tərəflər arasında imzalanan müqavilənin maddi tərəfini açıqlamaqdan imtina edib: “İndiyədək futbolumuzda imzalanan 1 müqavilənin maliyyə tərəfini deyə bilsəniz, mən də indikini açıqlayaram. Bu, sirrdir”.

O, xaricdə belə məsələlərin açıqlanmasını, bizdə isə sirr saxlanılmasını belə izah edib: “Xaricdə olsaq, açıqlayaram”.

3 il əvvəl Unibankla əməkdaşlıq müqaviləsi imzalanan zaman gələn pulla “Şuşa” klubu üçün stadion tikiləcəyini açıqlayan Musayev bunun gerçəkləşməməsini belə izah edib: “Şuşa” klubu üçün stadion tikdirmək fikrindən daşınmamışıq. Biz onlara söz vermişdik ki, torpaq sahəsi alın, biz stadion tikək. Onlar söz vermişdilər ki, 6 hektar torpaq alacaqlar. Amma hələ də bu əraziləri yoxdur. Bəs mən harada stadion tikim? Kağızın üzərində tikəsi deyiləm ki. Sözümdən qaçmıram. Torpaq alsınlar, stadion tikək”.

Musayev Premyer Liqada danışılmış oyunların qarşısını almaq üçün tədbirdə iştirak edən tərəflərin köməyinə ehtiyac olmadığını bildirib: “Belə məsələ ilə bağlı mən AFFA, Gənclər və İdman Nazirliyi, “Topaz”ı əziyyətə salmaram. Amma Premyer Liqada danışılmış oyunlar olmayıb, olmayacaq da”.

Musayev oyunların televiziya ilə yayım hüququnu da yenidən toxunub: “Biz əvvəldən demişdik ki, hər turun ən azı 3 oyununu yayımlayacaq şirkətə yayımı hədiyyə edəcəyik. Sonda yayım hüququnu hədiyyə etdim. Lakin belə dedikdə, bunun AzTV-yə verildiyini nəzərdə tutmamışdım. Mən yayım hüququnu 3-cü tərəfə verilmək hüququ ilə “Topaz”a hədiyyə etmişəm”.