Böyükağa Hacıyev: Niyə də “Neftçi” qrup mərhələsini fəth eləməsin?
19.09.2012 - 22:10
Böyükağa Hacıyev: Niyə də “Neftçi” qrup mərhələsini fəth eləməsin?
Bu gün “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın qrup mərhələsində ilk turunda “Partizan”la səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, mətbuat konfransında futbolçulardan millimizin də üzvü olan müdafiəçi Mahir Şükürovla braziliyalı yarımmüdafiəçi Flavinyo da iştirak edirdi. Bunlardan Mahirin rəhbərliyin qərarı ilə vitse-kapitan təyin olmağı haqda məlumat verildi. Mətbuat konfransında serbiyalı həmkarlarımızın sayının az olmağı diqqət çəkirdi. Hacıyev ilk olaraq sabahkı matç haqda fikirlərini açıqlayıb.

- Bildiyiniz kimi, “Neftçi” bu il Avroliqanın qrup mərhələsinə düşməklə, Azərbaycan futbol tarixində öz imzasını atdı. Əlbəttə, bu, futbolumuz üçün bir tarixdir. Ancaq buna baxmayaraq, gördüyümüz nəticələrlə kifayətlənmirik. Bugünkü arzularımız daha böyükdür. Niyə də “Neftçi” Avroliqanın qrup mərhələsini fəth eləməsin? Biz bura min kilometrlər yol gəlib, əl-qolumuzu uzadıb, uduzmamağa gəlməmişik. Niyyətimiz böyükdür. Qoy ədalət zəfər çalsın, güclü olan qalib gəlsin.

- “Partizan”ın baş məşqçisi komandamızı qrupun autsayderi sayıb. Serbiyalı azarkeşlər də mətbuat konfransına az gəlib. Bu, bizə yuxarıdan aşağı baxmağın göstəricisidir. Buna şərh verərdiniz...
- Futbol səhvlər oyunudur. “Partizan” bu gün hesab edir ki, qrupda autsayder “Neftçi” olacaq. Ancaq hələ bu haqda danışmaq tezdir. “Partizan” nə komanda olduğunu yaxşı bilirik. Çünki matça qədər onun 5 oyununun diskini aldım və yaxşı təhlil eləmişəm. Bilirəm ki, İliç kimi orada təcrübəli futbolçu oynayır. Onu Türkiyədən tanıyırıq. Rəqibdə Tomiç kimi parlaq futbolçunun olduğunu, müdafiədə Volkov, İvanovun çıxış etdiyini, Saşa Markoviçin oynadığını bilirəm. Mən bu gün “Partizan”ı “Neftçi”dən yaxşı tanıyıram. Azərbaycanda məsəli xatırladıram: arxa keçməmiş hop demə. Gənc həmkarıma bir məsləhət verirəm. Rəqibi hörmət etmək lazımdır. Yadınızdadırsa, APOEL-nin baş məşqçisi de demişdi ki, “Neftçi” bizə sürpriz edə bilməyəcək. “Partizan”ın 1995-ci ildə Kuboklar Kubokunu qazandığını, indi maddi cəhətdən çətinliklərinin olduğunu bilirik.

- Komandanızda zədəli futbolçunuz varmı?
- Hazırda cəzalı Elvin Yunuszadə istisna olmaqla bütün futbolçular döyüşə hazırdır.

- Şübhəsiz ki, dediyiniz sözlərin məsuliyyətini dərk eləyirsiniz. “Partizan”la oyunda yalnız qələbə üçün meydana çıxacaqsınız? Başqa nəticəni faciə kimi qəbul etməyəcəksiniz?
- Belqradda Bakıda olduğumuz kimi rahat oturmuşuq. Mənim üçün evdə, yoxsa səfərdə oynamaq məfhumları yaddır. Bu fün gəxr edirəm ki, hər şeydən vacibi azərbaycanlıyam, “Neftçi” Avroliqanın qrup mərhələsindədir. Heç görmüsünüz ki, mənim komandam müdafiə futbolu oynasın? Mən həmişə rəqibə açıq futbol təklif etmişəm. “Neftçi”ni mən qəbul edəndən sonra necə görmüsünüzsə, sabah elə də oyun görəcəksiniz. Sabah hər şeydən öncə Serbiya azarkeşləri oyundan həzz alacaq. Çünki sabahkı oyunumuzla Serbiya futbol həvəskarlarının yaddaşında uzun müddət iz buraxmaq istəyirik.

- Cəzalı Elvinin yerinə Tərlan Quliyev, yoxsa Saşa Yunioğlu ilə əvəzləyəcksiniz?
- Bu, bizim sirrimizdir. Hələ bunu müəyyənləşdirməmişik. Ancaq narahat olmayın, Yunuszadəni “Neftçi”də layiqli əvəzləyən futbolçu var. Elvinin yerinə kimin çıxacağını bu gecə müəyyənləşdirib, səhv buraxmamağa çalışacağıq.

Mehman SÜLEYMANOV
Belqrad