Cennifer Lopes: Azərbaycana səfər mənim üçün böyük şərəfdir
20.09.2012 - 10:44
Cennifer Lopes: Azərbaycana səfər mənim üçün böyük şərəfdir
“Azərbaycanda keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Bu günü səbirsizliklə gözləyir və artıq Bakıya yola düşürəm”. APA-nın məlumatına görə, bu sözləri iki gün Bakıda çıxış edəcək dünya şöhrətli müğənni Cennifer Lopes öz rəsmi internet səhifəsində yazıb.

Müğənni qarşıdan gələn şənbə və bazar günü (sentyabrın 22-si və 23-də) Bakıda yaddaqalan və gözəl gecə keçirəcəyini qeyd edib: “Mən Azərbaycana ilk dəfə səfər edəcəyəm. Bu, mənim üçün çox böyük şərəfdir. Belə bir idman çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Eyni zamanda sevinirəm ki, idman tədbirinə bütün dünyadan güclü və insanı ruhlandıran xanımlar yığışacaqlar. Hər kəsə uğurlar arzu edirəm. Bakıda görüşərik!”

Sabah Bakıda olacaq müğənni sentyabrın 22-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək “FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012”-nin rəsmi açılışı mərasimində çıxış edəcək.

Sentyabrın 23-də isə o, “Baku Crystal Hall” səhnəsində solo-konsert verəcək.