Zeynal Məmmədov: Bu, bizim xəstəliyimizə çevrilib - MÜSAHİBƏ
20.09.2012 - 16:34
Zeynal Məmmədov: Bu, bizim xəstəliyimizə çevrilib - MÜSAHİBƏ
“Bakı” klubunun baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi

- “Topaz” Premyer Liqanın titul sponsoru oldu. Klub rəsmisi kimi bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı?
- Baxacağıq, görək necə olacaq. Arxada qalan son 3 ildə titul sponsoru Unibank Kommersiya Bankı idi. İndi isə “Topaz” gəlib. Necə olacağını zaman göstərəcək. İndiki məqamda onlara ancaq uğurlar arzulayıram.

- Necə düşünürsünüz, hansısa şirkətin çempionata sponsorluq etməsi çoxmu vacibdir?
- Mütləq lazımdır. Avropa ölkələrinin əksəriyyətində çempionatların sponsorları var.

- “Bakı”nın çıxışı haqda nə deyə bilərsiz?
- Nə deyim? Hələ danışmağa bir şey yoxdur. Amma etiraf edim ki, son vaxtlarda müəyyən dönüş yaranıb. Son bir il, ilyarımdan sonra komanda top saxlamaq, ötürmə vermək baxımından yaxşı mənada fərqlənir. Razılaşıram ki, hazırda futbolçular üzərlərinə düşəni tam şəkildə icra edə bilmirlər. Çempionat yeni başlayıb. Düşünürəm ki, dönüş olacaq. Kim inanardı ki, “Kəpəz” “Qəbələ”ni udacaq və ya AZAL “Qarabağ”a 6 top vuracaq? Həmçinin, çoxları gözləmirdi ki, “Bakı” – “Turan” oyununda heç-heçə qeydə alına bilər. Bu, futboldur. İstər “Rəvan”, istərsə də “Simurq” “Bakı”ya qarşı yaxşı oyun nümayiş etdirməklə xallarını qazanıblar. Biz təslim olmaq fikrində deyilik. Qarşıda “Xəzər Lənkəran”la oyunumuz var. Bu matça hazırlaşırıq. Hər oyuna final matçı kimi yanaşırıq.

-“Bakı” startda itirdiyi xalları hər zaman finişdə axtarıb. Bu son illərdə aha qabarıq şəkildə görünüb. Yenidən həmin situasiya ilə üzləşmək ehtimalı nə dərəcədədir?
- Bu bizim xəstəliyimizə, vərdişimizə çevrilib. Adətən reytinqdə bizdən zəif olan komandalarla heç-heçə etməyimiz sonda bizə baha başa gəlib. Həmin itirilən 1, 2 xal imkan verməyib ki, çempion olaq və ya mükafatçılar sırasına düşək.

- İstər yayda, istərsə də qış fasiləsi zamanı “Bakı” güclü futbolçuları heyətinə cəlb etsə də, sabit oyun nümayiş etdirmir. Bunun səbəbi nədir?
- Gözləmək lazımdır. Baxıram ki, “siftəsi” yaxşıdır. “Rəvan”, “Simurq”, “Kəpəz” və “Turan”la oyunlara diqqət yetirsək, “Bakı”nın topa sahib olma faizinin yüksək olduğunu görərik. Əsas çatışmazlığımız həmin üstünlüyü qol çevirməkdir. Hər oyunda ən azı 3-4 yüz faizlik qol imkanını boşa veririk.

- Bu günlərdə Fransadan ölkəmizə təşrif buyurmuş "Lans" klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin veteran futbolçular - Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar “Bakı” klubunun bazasına baş çəkiblər. Onların təəssüratları necə oldu?
- Bu cür şərait yaradıldığına inanmırdılar. Onlar üçün xoş sürpriz oldu. Azərbaycanda futbolun inkişaf etməsinə dair məlumatlarının olduğunu, amma bu dərəcədə yüksək şəraitin yaradıldığını təsəvvür etmədiklərini dedilər.

- “Bakı” Fransanın hansısa klubu ilə əməkdaşlığı düşünürmü?
- Bəli, “Lans”la əməkdaşlıq edəcəyik.

- Yetirmələrinizdən necə, bəyəndikləri oldumu?
- Dörd futbolçumuzun adını qeyd ediblər. Onların hamısı 1996-cı il təvəllüdlüdür. İşlərimiz səmərəli alınsa, gələcəkdə Fransanın ən azı aşağı dəstəsində çıxış edən klublarda futbolçularımız çıxış edəcəklər. Həm də bəzi futbolçularımız aşağıyaşlı yığmaların heyətində toplanışda olduqlarından, onları izləyə bilmədilər.