“Football Time” gəlir: Həftənin qəhrəmanını biz müəyyənləşdiririk
01.10.2012 - 14:14
“Football Time” gəlir: Həftənin qəhrəmanını biz müəyyənləşdiririk
“ATV-yə yeni rəhbərliyin gəlməsindən sonra idman verilişlərinə də münasibət dəyişib. Buna misal olaraq, futbol üzrə Avropa çempionatının və London Yay Olimpiya Oyunlarının gündəliyi, eləcə də, dünyanın ən prinsipial derbilərindən sayılan “Real” - “Barselona” qarşılaşmasının yayımlanmasını göstərmək olar. Bütün bunların davamı kimi, azarkeşlərə “Football Time” verilişi də təqdim olunacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında tanınmış telejurnalist Elnur Əşrəfoğlu deyib.

Bu gün saat 23:00-da ATV kanalında yeni futbol verilişi - “Football Time” efirə gedəcək.
Yeni yaranan veriliş artıq ikinci dəfə ekranlara çıxacaq.

Verilişin aparıcısı və rəhbəri olan Əşrəfoğlu bu layihənin ATV rəhbərliyində edilən dəyişikliklərlə bağlı olduğunu bildirib.

O, verilişin məzmunu haqda da məlumat verib: “Verilişə yenə 3 qonaq dəvət etmişik. Bunlardan ikisi futbol adamı, biri isə azarkeş olacaq. Konkret olaraq, bu günkü qonaqlarımız aktyor Ramiz Novruz, məşqçi Arif Əsədov və yığmamızın qapıçısı Kamran Ağayevdir”.

Həmkarımız bildirib ki, “Football Time” əsasən Topaz Premyer Liqasına həsr olunduğundan, çempionatda həftənin qəhrəmanını da studiyaya dəvət ediləcək. Həmin şəxs isə studiyada yer alan azarkeşlər arasında olacaq: “Sonda onunla müsahibə də götürəcəyik. Ötən verilişimizə AZAL-ın oyunçusu Junior Nildonu çağırmışdıq. Bu dəfə kimin olacağı isə hələ dəqiqləşməyib. Həftənin qəhrəmanını biz müəyyənləşdiririk. Ola bilər ki, həftənin qəhrəmanı hakim və ya məşqçi olsun”.