“Tofiq Bəhramov”da “Qızıl vərəqə”li hakim - FOTO
01.10.2012 - 14:35
“Tofiq Bəhramov”da “Qızıl vərəqə”li hakim - FOTO
Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Neftçi” – “İnter” oyununu idarə edəcək hollandiyalı hakim Kevin Blomun kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, 3 gün sonra Tofiq Bəhramov adına Respublika stadionun fit çalacaq 38 yaşlı hakim 9 illik karyerasında kifayət qədər irəliləyişə nail olub.

2003-cü ildə peşəkar kimi meydana çıxan Blom 2004-cü ilin fevralında Hollandiyanın güclülər dəstəsində iş başında olub. 2005-ci ildə isə beynəlxalq dərəcəli hakim kimi FİFA-nın siyahısına düşüb.

2005-ci ildə yaşadığı Qouda bələdiyyəsinin “İlin idman adamı” seçilən Blom 2 il sonra Hollandiyanın ən yaxşı hakiminə təqdim olunan “Qızıl vərəqə” mükafatını əldə edib. UEFA-nın hakimlər üçün Elit qrupuna daxil olan referi Çempionlar Liqası, Avropa Liqası kimi turnirlərin qrup mərhələlərində dəfələrlə fit çalıb.

AVRO-2012-nin seçmə mərhələsinin Çexiya – Şotlandiya matçındakı idarəçilik isə Blomun başına bəla olub. Verdiyi bir sıra qərarların səhv sayılması üzündən onun final mərhələsinə yolu bağlanıb.

Hollandiya Kral Futbol Assosiasiyasında çalışan Blom gənc hakimlərin yetişdirilməsi ilə məşğuldur.