Ağasəlim Mircavadov: Bəlamız ondadır ki....
01.10.2012 - 23:01
Ağasəlim Mircavadov: Bəlamız ondadır ki....
“Son turda “Sumqayıt” – “Bakı” matçına stadiondan baxdım. Açıq deyim ki, sumqayıtlılar oyuna görə qələbə qazandılar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov deyib.

Sürprizlərin çox olduğu Topaz Premyer Liqasında nəticələrə münasibətini bildirən 65 yaşlı mütəxəssis “Sumqayıt”ın son 2 turda evdə “Neftçi” və “Bakı”ya qalib gəlmələrini təsadüfi saymır. Onun sözlərinə görə, “Sumqayıt”ın ardıcıl 2 iddialı komandanı məğlub etməyi çox nadir haldır.

Mircavadov üçün AZAL-ın liderlər qrupunda yer almağı gözlənilməz deyil. O, bunu komandadakı işi görməyi ilə əlaqələndirib: “Baş məşqçi Vaqif Sadıqovla köməkçisi Şakir Qəribovu yaxşı tanıyıram. Onların iş üslublarını bəyənirəm. Niyə də AZAL liderlər qrupunda olmasın? Komanda dəyişilib. Ola bilər ki, bəzi futbolçular qalıb, ancaq oyunçuların psixologiyasında, futbola fikirlərində dəyişiklik baş verib. Bu da məşqçilərin sayəsindədir. Komandadan çox şey asılıdır. AZAL növbəti turda evdə “Xəzər Lənkəran”la oynayacaq və bu matçdan da çox şey asılıdır. Çünki bundan sonra millinin seçmə mərhələdə oyunları ilə əlaqədar çempionatda uzun müddətli fasilə olacaq. Həmin matçın mahiyyəti odur ki, AZAL qalib gəlsə, fasiləyə yüksək əhval-ruhiyyədə çıxacaq”.

Mircavadov “Simurq”un liderliyinə belə qiymət verib: “Onun oyununa baxmışam və deyə bilərəm ki, qol imkanlarından, rəqiblərinin səhvlərindən yaxşı istifadə edərək, fərqlənir. Qol vurandan sonra ağıllı, mütəşəkkil şəkildə müdafiə olunur. “Simurq” indiki halda öz xallarını yığır və “altılığ”a düşməyə çalışır”.

Təcrübəli mütəxəssisin fikrincə, getdikcə ilk “altılıq”da mövqelər dəyişiləcək, iddialı klublar orada yerlərini tutacaqlar: “Ancaq bir şey də var ki, iddialılar yaxşı, sabit oyun göstərmirlər. Bu belə olanda, əlbəttə, o biri klublar irəli gedirlər. Televiziyadan izlədiyim “Rəvan” - “Kəpəz” matçında qonaqlardan başqa oyun gördüm. Çox ağıllı, sürətli oynayır, topla yaxşı işləməyə çalışırlar. Adətən bu komandada həmişə topla yaxşı işləyən futbolçular olub. Gəncəli futbolçular topu itirməməyə çalışırdılar. “Kəpəz”in belə oyununda baş məşqçisi, futbolumuzun ən yaxşı yetirmələrindən olan Mahmud Qurbanovun əməyi var. Futbolçular onun verdiyi ağıllı tapşırıqları qəbul edir, oynaya bildikləri futbolu oynayırlar. Bizim bəlamız ondadır ki, gələn əcnəbi, yaxud yerli mütəxəssislər öz futbollarını oynatmağa çalışırlar. Bu, ona görə alınmır ki, hər komandanın öz oyunu var və bunu inkişaf etdirmək lazımdır. Mən həmişə bunu demişəm, deyəcəyəm də. Xaricdən məşqçi gələndə, özünə 4-5 köməkçi gətirir. O çıxandan sonra görülən iş havayı gedir. Yəni ardıcıllıq olmur. Bunun olmağı üçünsə köməkçisi yerli olmalıdır ki, əcnəbi gedəndən sonra görülən işi davam etdirsin”.

Mehman SÜLEYMANOV