Mahir Şükürov: Bizi hesabdan silmişdilər – MÜSAHİBƏ
04.10.2012 - 13:41
Mahir Şükürov: Bizi hesabdan silmişdilər – MÜSAHİBƏ
“Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov Avropa Liqasının II turu çərçivəsində “İnter”lə bu gün baş tutacaq oyundan öncə UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, Şükürov Avroliqa, komanda yoldaşları və İtaliya təmsilçisi ilə qarşılaşma barəsində danışıb.

- “Neftçi”nin tarixi barədə nə deyə bilərsiniz?
- Bu komandanın təqdimata ehtiyacı yoxdur. SSRİ-də Azərbaycan futbolunu hamı “Neftçi”yə görə tanıyıb. Bütün bunlara baxmayaraq, ölkəmizdə heç kim bizim Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağımıza inanmırdı. Bir çoxları düşünürdü ki, bunu yalnız reklam xətrinə deyirik. Çempionlar Liqasının seçmə mərhələsində “Hapoel”ə uduzanda bizi hesabdan silmişdilər. Amma sonda “Neftçi” APOEL kimi rəqibə qalib gələrək, əsl gücünü göstərdi. Çox sevinirəm ki, Azərbaycanda ilk dəfə bu mərhələyə vəsiqə qazanan Azərbaycan klubu məhz “Neftçi” oldu.

- Komandanız bu il Azərbaycan futbolunda bir tarix yazıb...
- Tarixi nəticə öz yerində. Amma rəqiblərin hörmətini qazanmaq üçün avrokubokların qrup mərhələsində nəticə qazanmaq lazımdır.

- “İnter”lə matçda sizi hansı nəticə qane edəcək?
- Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq. Bəli, düz eşitdiniz, yalnız qələbə. Bunu söz xatirinə demirəm.

- Komanda yoldaşlarınız İtaliya klubunun ulduzlarına qarşı mübarizə aparmağa hazırdılarmı?
- Futbolçularımızın əksəriyyəti böyük təcrübəyə malikdirlər. Legionerlərimizin əksəriyyəti öz ölkələrinin milli komandalarının şərəfini qoruyublar. Mən özüm bu yaxınlarda yığmanın heyətində Portuqaliya ilə matçda Kriştianu Ronaldoya qarşı oynamışam.

- Bəs Ronaldonun qarşısını ala bildinizmi?
- Sizcə, bu mümkündür? Ronaldo Messi ilə birlikdə dünyanın ən yaxşı futbolçusudur. Amma mən öz növbəmdə əlimdən gələni etdim.

- “İnter” Bakıya əsas heyətlə gəlməyib. Bu amil onların “Neftçi”yə yuxarıdan aşağı baxması anlamına gəlmir?
- Meydana çıxan həvəskar futbolçular olmayacaq ki... Onlar hamısı öz işinin peşəkarıdırlar. Düşünmürəm ki, “İnter” kimi səviyyəli bir komanda rəqibini dəyərləndirməsin.

- Klubunuzun heyətində bir neçə istedadlı gənclər var. Necə düşünürsünüz, “İnter”lə oyun onlar üçün Avropa klublarına keçmək imkanı ola bilərmi?
- “Neftçi”nin heyətində həqiqətən də istedadlı gənclər çoxdur. Əgər oyuna olan marağı nəzərə alsaq, belə qənaətə gələ bilərik ki, onlar özlərini yaxşı tərəfdən göstərə bilsələr, oyunları alınsa italiyalı skautların diqqətini çəkə bilərlər. Hər bir futbolçu üçün xaricdə oynamaq böyük üstünlükdür. “Anji”də qazandığım təcrübə hələ də köməyimə çatır.

- Növbəti rəqibiniz “Rubin” barəsində nə deyə bilərsiniz?
- “Rubin”i Rusiya çempionatından çox yaxşı tanıyıram. Kazan klubunun “Partizan”ı məğlub edəcəyinə inanıram. “Rubin”lə bizi maraqlı qarşılaşmalar gözləyir.