“Azərbaycan çempionu daha güclü komandadır” – MÜSAHİBƏ
04.10.2012 - 13:44
“Azərbaycan çempionu daha güclü komandadır” – MÜSAHİBƏ
Sloveniya millisinin üzvü İqor Osredkar şərəfini qoruduğu “Litija” futzal klubunun saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, 26 yaşlı müdafiəçi UEFA kubokunun elit-raundu haqda - İspaniya “Barselona”sı, Azərbaycan çempionu “Araz” və Xorvatiya “Split”i ilə mübarizə haqda danışıb.

- Qarşıdan UEFA kubokunun elit-raundunun oyunları gəlir. Bu matçlara necə hazırlaşırsınız?
- Məşq prosesində qeyri-adi heç nə yoxdur. Hazırlığımızı adi qaydada keçirik. Sanki avrokuboka deyil, adi oyuna hazırlaşırıq.

- Elit-raundda oynamağınız hələ tortun üzərindəki kremdir. Tortun özü isə “Dördlər finalı”dır. Ora yüksəlmək yolunda reseptiniz varmı? Rəqibləriniz “Split”, “Araz” və “Barselona”nı necə dəyərləndirirsiniz?
- Xorvatiya təmsilçisi “Split” bizimlə eyni səviyyədədir. Azərbaycan çempionu “Araz” isə daha güclü komandadır. “Barselona”ya gəlincə, ispaniyalılar qrupun aşkar favoritidir.

- Belə vəziyyətdə qarşınıza hansı vəzifə qoyulub? Nəyə iddialısınız?
- Ümid edirəm ki, bacardığımız kimi oynayacağıq. Çalışacağıq ki, mümkün qədər yaxşı nəticə göstərək.

- Bu oyunlardan nə gözləyirsiniz?
- Yanılmadan deyə bilərəm ki, “Barselona” ilə oyun həyatımın, karyeramın qarşılaşması olacaq. Bu görüşə arxayın şəkildə çıxacağıq. Axı heç kim bizdən nəsə tələb edə bilməz. Bir sözlə, itiriləsi heç nəyimiz yoxdur.

- Bəs nəticə baxımından?
- Bütün oyunlar kimi bu turnirdəki matçlarımız da 0:0 hesabı ilə başlayacaq. Bundan sonra isə niyə də hər şeyə nikbin yanaşmayaq.