405 gündən sonra
04.10.2012 - 15:57
405 gündən sonra
Avroliqanın qrup mərhələsinin II turunda bu gün keçiriləcək “Neftçi” – “İnter” oyunu Tofiq Bəhramov adına Respublika stadionuna qayıdışla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, mərkəzi arenamız bu ilk dəfə avrokubok oyununu qəbul edəcək. Bununla da orada 405 gündən sonra qitə miqyaslı matç keçiriləcək.

Əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 1 ilə yaxın bağlı olan “Tofiq Bəhramov”da yeniləşəndən sonra keçiriləcək ilk matçda Çempionlar Liqasının qalibi iştirak edəcək. Bu, eyni zamanda avrokuboklarda qrup mərhələsində ilk oyunumuz kimi tarixə düşəcək.

Qitə miqyasında Respublika stadionunda sonuncu oyunumuz da Avroliqaya təsadüf edib. Bu, ötən ilin avqustun 4-də turnirin III təsnifat mərhələsində “Qarabağ”ın Belçikanın “Brügge” klubu ilə evdəki cavab oyunu olub. Ağdamlılar həmin matçda 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə 1:4 hesabı ilə uduzduğundan mübarizəni dayandırıb.

Mərkəzi arenamızın təmiri ilə əlaqədar paytaxt klubları bu il rəqiblərini “Dalğa Arena”da qəbul etməli olub.

Belə ki, “Neftçi” “Zestafoni” (Gürcüstan), “Hapoel” (İsrail), APOEL-i (Kipr), “İnter“ “Trans” (Estoniya), “Asteras”ı (Yunanıstan), “Bakı” “Mura”nı (Sloveniya) “Dalğa Arena”da qonaq etdi. “Xəzər Lənkəran” isə “Nomme Kalyu” (Estoniya) və “Lex”lə (Polşa) Lənkərandakı stadionunda üzləşdi.

Maraqlıdır ki, avrokuboklardakı təmsilçimiz bu il evdə keçirdikləri oyunlarda uduzmayıblar. Azarkeşlərimiz Avropada öz meydanımızda sonuncu məğlubiyyəti 2010-cu il avqustun 4-də görüb. Həmin vaxt “Qarabağ” Avroliqanın son təsnifat mərhələsində Almaniya “Borussiya”sını qəbul edib. Komandamız Dortmund təmsilçisinin qələbəsinə əngəl ola bilməyib. Paraqvaylı hücumçu Lukas Barriosun uzatma dəqiqələrdəki qolu klublarımızın Avropada evdə hələ ki son məğlubiyyətidir – 0:1. Bundan isə artıq 792 gün ötür.

Almaniyalılarla matçdan sonra tən mövsüm 6, cari mövsüm 8 oyunda ölkəmizə gələn əcnəbilər qələbəsiz ayrılmaq məcburiyyətində qalıblar. Bu 14 oyunda təmsilçilərimiz 4 qələbə qazanıb, 10 dəfə heç-heçə edib.