“Neftçi” uduzdu, klublarımız 14-də qaldı
04.10.2012 - 23:01
“Neftçi” uduzdu, klublarımız 14-də qaldı
Azərbaycan klublarının avrokuboklardakı qonaqsevməzliyinə son qoyulub. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz “Neftçi”nin timsalında yenidən öz meydanında uduzub. Avropa Liqasının qrup mərhələsinin İtaliya “İnter”i ilə oyununadək qonaqlar ölkəmizdəki son qələbəni unutmaq üzrə idi.

Belə ki, Tofiq Bəhramov adına Respublika stadionundan 1:3 hesablı məğlubiyyətlə ayrılan “Neftçi”dən əvvəl son ev yenilgisini “Qarabağ” almışdı. Azarkeşlərimiz Avropada öz meydanımızda sonuncu məğlubiyyəti 2010-cu il avqustun 4-də görmüşdü. Onda ağdamlılar Avroliqanın son təsnifat mərhələsində Almaniya “Borussiya”sına 0:1 hesabı ilə uduzmuşdu.

792 gün əvvəlki məğlubiyyətdən sonra ötən mövsüm 6, cari mövsüm 8 oyunda ölkəmizə gələn əcnəbilər qələbəsiz ayrılmaq məcburiyyətində qalıblar. Bu 14 oyunda təmsilçilərimiz 4 qələbə qazanıb, 10 dəfə heç-heçə edib.