Mais Mənsimov Kamran Ağayevi bağışladı
05.10.2012 - 11:22
Mais Mənsimov Kamran Ağayevi bağışladı
Azərbaycan millisinin futbolçusu Kamran Ağayevin futbolsuz günləri başa çatır. Apasport.az saytının xəbərinə görə, ölkənin 1 nömrəli qapıçısı yenidən “Xəzər Lənkəran”a qayıdır.

Bu barədə əməkdaşımıza komandanın rəisi Səməd Mustafayev məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl transferə çıxarılan 26 yaşlı qapıçı yenidən “ağ-yaşıl” formada oynayacaq.

Belə ki, klubun prezidenti Mais Mənsimov Ağayevin əsas komandaya qayıtmasına qərar verib: “Artıq klubun prezidenti Mais Mənsimov Ağayevi bağışlayıb. Amma baş məşqçi Yunis Hüseynov razılıq versə, Kamran əsas komandaya qaytarılacaq”.

Əsas komandaya qaytarılmasına qərar veriləndən sonra ilk açıqlamasını apasport.az saytına verən Ağayev bundan xəbərsiz olduğunu bildirib: “Hələ bu haqda xəbərim yoxdur. İndi evdəyəm və bu barədə xəbəri sizdən eşidirəm. Düzdü, məni klubun ofisinə çağırıblar. Amma nə üçün çağırıldığımı deməyiblər”.

Xatırladaq ki, AFFA prezidenti Rövnəq Abdullayev Kamran Ağayevlə bağlı “Xəzər Lənkəran”ın təsisçisi və fəxri prezidenti Mübariz Mənsimova müraciət etmişdi.