“Xəzər Lənkəran” 3 seriyanı birdən qırdı
05.10.2012 - 12:02
“Xəzər Lənkəran” 3 seriyanı birdən qırdı
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının VIII turunda AZAL-a səfərdə 2:0 hesabı ilə qalib gəldiyi oyunda birdən-birə 3 seriyanı qırmağı bacarıb. Apasport.az saytının məlumatına görə, 54 gündən sonra qələbə qazanan lənkəranlılar sonuncu dəfə avqustun 10-da “Kəpəz”i 4:0 hesabı ilə məğlub etmişdi. Bundan sonrakı 4 matçda komanda cəmi 1 xal qazanmışdı.

“Kəpəz”lə II turdakı oyunun evdə keçirildiyini nəzərə alsaq, cənubluların son səfər qələbəsi daha əvvələ təsadüf edir. Belə ki, iyulun 10-da Avropa Liqasında Estoniyada “Nomme Kalyu”nu 2:0 hesabı ilə yenən “Xəzər Lənkəran” sonrakı 5 matçda qalib gəlməmişdi. “Ağ-yaşıllar” 85 gündən sonra rəqib meydanından 3 xalla qayıtdı.

Premyer Liqadakı son səfər qələbəsi isə ötən mövsümün “Qəbələ” ilə matçına təsadüf etmişdi. Bu il aprelin 7-də keçirilən həmin matçda 1:0 hesablı qələbə qazanan Yunis Hüseynovun yetirmələri 6 səfərdə istəyinə çatmamışdı. Bu seriya 179 gündən sonra AZAL-la görüşdə qırıldı.

Mənbə: lankaranfc.com