Millimizin rəqibləri sabah müəyyənləşəcək
05.10.2012 - 12:27
Millimizin rəqibləri sabah müəyyənləşəcək
Sabah voleybol üzrə qadınlar arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsi üçün püşkatma mərasimi baş tutacaq.
Apasport.az saytının məlumatına görə, gələn ilin yayında Almaniya və İsveçrədə təşkil olunacaq yarışda Azərbaycan milli komandasının rəqibləri olacaq yığmalar da müəyyənləşəcək.

İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Püşkatma mərasimində ölkəmizi Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Mixail Frişman təmsil edəcək.

Millimiz və 2 meydan sahibi ilə yanaşı Serbiya, Türkiyə, İtaliya, Polşa, Rusiya, Belçika, Bolqarıstan, Xorvatiya, Hollandiya, İspaniya komandaları da həlledici mərhələdə oynayacaq. Onlardan başqa Slovakiya – Ukrayna, Belarus – Rumıniya, Fransa – Çexiya cütlərinin qaliblərin də final mərhələsində oynayacaq.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə Finlandiya, Belarus və Avstriyanın hərəsini 2 dəfə 3 setdə məğlub etməklə həlledici turnirə yüksəlib.