Əbədi yarımfinalçı
05.10.2012 - 13:00
Əbədi yarımfinalçı
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının 1/4 final mərhələsinin ilk günündə KXDR və Fransa yığmaları yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, bu komandaların müvafiq olaraq Kanada və Nigeriya milliləri üzərində qələbələri bir sıra tarixi faktlarla əlamətdar olub.

KXDR yığması keçirilən bütün dünya çempionatlarında yarımfinala yüksəlib. Əbədi yarımfinalçıların futbolçusu Ri Un Sim Azərbaycandakı mundialda keçirdiyi 4 oyunun hamısında qol sevinci yaşayıb.

Koreyalılara məğlub olan Kanada millisi isə Azərbaycanda buraxdığı qolların hamısını son 12 dəqiqədə buraxıb.

Penaltilər seriyasında qalibi müəyyənləşən Nigeriya – Fransa matçı 3 dünya çempionatı ərzində 3-cü belə qarşılaşma olub ki, 120 dəqiqədə heç kim sevinməyib.

Nigeriya yığması 1 mundialda 2 qırmızı vərəqə alan 2-ci komanda oldu. 2008-ci ildə Paraqvay eyni aqibətlə üzləşmişdi. Əsas vaxtı sülhlə bitən görüş Fransa millisinin mundiallarda 7-ci heç-heçəsi oldu ki, bununla da KXDR-ın rekordu təkrarlandı.