“Uduzduq, amma rüsvay olmadıq”
05.10.2012 - 13:25
“Uduzduq, amma rüsvay olmadıq”
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviçin apasport.az saytına müsahibəsi

- “İnter”lə qarşılaşma sizdə hansı təəssürat oyatdı?
- Öncə onu deyim ki, “İnter” hələ start fitinə kimi matçın favoriti idi. Bunu meydanda sübut etdilər. Qüvvələr nisbətində böyük fərq hiss olunurdu. Buna baxmayaraq, sona kimi mübarizə aparırdıq. Xüsusilə, ikinci hissədə yaxşı təsir bağışladıq. Bəli, uduzduq, amma rüsvay olmadıq. Özü də “Neftçi” uzun müddətdir avrokuboklarda evdə yenilmirdi.

- Sonuncu məğlubiyyət 13 il əvvəl olub. Yeri gəlmişkən, sonuncu dəfə “Tofiq Bəhramov”da “Neftçi”ni yenən həmyerliləriniz, vaxtilə kapitanı olduğunuz “Srvena Zvezda” olub...
- Bilirəm. Həmin oyunda “Srvena Zvezda” 3:2 hesabı ilə qalib gəlib. Bu dəfə “Neftçi”yə qarşı Avropanın ən güclü komandalarından biri oynadı. Stadionda böyük bayram idi, arena tam dolmuşdu. Azərbaycan xalqına çox “sağ ol” deyirəm ki, bu qədər adam stadiona bizi dəstəkləməyə gəlmişdi. Onlar tarixə oyunun şahidi oldular.

- Hər 3 qolu ilk hissədə buraxdınız. Bu barədə nə deyərdiniz?
- Belə demək olar ki, ilk dəqiqələrdən qol buraxmaq məsələsi gündəmdə idi. Əvvəl-axır qol buraxacağımız gözlənilirdi. Komandalar arasında səviyyə fərqi öz sözünü dedi. “İnter”in hər hücumu təhlükəli idi.

- “İnter” kimi komandaya qarşı oynadınız. Yəqin ki, bu, bir futbolçu kimi ən böyük arzularınızdan idi və karyeranızda ən yaddaqalan oyunlardan olacaq...
- Mən futbol oynamağa başlayanda, qarşıma böyük məqsədlər qoydum. Tədricən buna doğru gedirəm. Sözsüz ki, “İnter”lə oyun yaddaqalan oldu. Ancaq qarşıda “Rubin” və “Partizan”ı matçlarımız var. Həmin matçlara da ciddi hazırlaşıb, yaxşı oynamalıyıq.

- Oyundan sonra həmkarınız, vaxtilə bir ölkəni – keçmiş Yuqoslaviyanı təmsil edən Samir Handanoviçlə söhbətləşirdiniz. Maraqlıdır ki, Sloveniya yığmasının qapıçısı ilə nə fikir mübadiləsi aparırdınız?
- Sadəcə, söhbətləşdik. Samir təəssüratlarını bölüşdü.

- Nə dedi?
- Bakı, “Neftçi” haqda mənə bir neçə sual verdi. O gözləmirdi ki, Azərbaycan belə tez yüksəliş əldə edib. Bu, həm şəhər, həm də futbolla bağlıdır. Onlar Bakıda olduqları 2 gündə şəhərin gözəlliyinə valeh olublar. “İnter” inandı ki, burada da futbolu ciddi oynayırlar.

Mehman SÜLEYMANOV