“Həyəcandan yox, öz səhvlərimizə görə uduzduq” - MÜSAHİBƏ
05.10.2012 - 13:48
“Həyəcandan yox, öz səhvlərimizə görə uduzduq” - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Julius Vobay Avropa Liqasının II turunda “İnter”ə 1:3 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Öncə qarşılaşma barədə fikirlərinizi bildirərdiniz...
- Birinci hissədə oyunumuz alınmadı. Komanda imkanlarından aşağı çıxış etdi. Ancaq fasilədən sonra daha yaxşı çıxış etdik. Verilən tapşırıqları yerinə yetirdik.

- Fasiləyədək zəif çıxış etməyiniz nə ilə bağlı idi? Oyununuz niyə alınmırdı?
- Çünki birinci hissədə gözləmədiyimiz səhvlər buraxdıq. Özümüzə inamımız az idi. İkinci hissədə çalışıb, bu səhvləri aradan qaldırdıq. Buna müəyyən dərəcədə nail olduq və oyunumuzda müsbətə doğru dəyişiklik baş verdi. Lakin uduzmuşuqsa, deməli, istədiyimizə nail ola bilməmişik. Birinci hissədə qapımızdan üç top buraxmışdıq. Artıq ip əldən çıxmışdı. İkinci yarıda isə bu qollardan yalnız birinin əvəzini çıxmağa gücümüz çatdı. Qarşıdakı oyunda səhvlərimizi düzəltməyə və daha yaxşı çıxış etməyə çalışacağıq.

- Ola bilərmi ki, rəqibin adı və nüfuzu sizdə müəyyən həyəcan yaratsın?
- Razılaşıram, “İnter” tanınmış, məşhur klubdur. Ancaq biz öz səhvlərimizdən uduzduq. Burada rəqibin adının, nüfuzunun heç bir təsiri yox idi.

- Stadion tam dolmuşdu. Azarkeş dəstəyindən razı qaldınızmı?
- Çox gözəl atmosfer var idi. Onlardan çox razı qaldıq. Uduzsaq belə, bizi sonadək dəstəklədilər.

- “Rubin” doğma meydanda “Partizan”ı məğlub etdi. Hazırkı vəziyyətdə “Neftçi”nin şansını necə dəyərləndirisiniz?
- Hər bir komanda uda da bilər, uduza da. Bizim şansımız qalır və bundan sona qədər istifadə edəcəyik.

- Qrup mərhələsində növbəti rəqib “Rubin”dir. Rusiya təmsilçisi ilə dueldə nəyə ümid etmək olar?
- Hələ bu oyunun ağırlığını üzərimizdən ataq, sonra “Rubin” haqda düşünərik. Kazan təmsilçisi ilə qarşılaşmaya bir neçə gündən sonra hazırlaşacağıq.

- Qrup mərhələsinin oyunları Topaz Premyer Liqasında çıxışınıza nə dərəcədə təsir edəcək?
- Bizim üçün bütün oyunlar əhəmiyyətlidir. Əgər oynamayacaqsansa, hər bir görüş çətin keçəcək. Növbəti mövsümdə də avrokuboklarda çıxış etmək üçün mütləq daxili çempionatda uğurlu nəticələr qazanmalıyıq.