“Toplanışa çağırılan futbolçunun hamısı Moskvaya getməyəcək”
05.10.2012 - 16:20
“Toplanışa çağırılan futbolçunun hamısı Moskvaya getməyəcək”
“Biz bilirik ki, Elhad Nəzirli xaricdə oynayan azərbaycanlı futbolçudur. Onu təlim-məşq toplanışına çağırmışıq ki, hansı formada olduğuna baxaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov deyib.

Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya ilə oktyabrın 16-da Moskvada keçiriləcək matça hazırlıq məqsədilə bu gün Bakıda başlayan təlim-məşq toplanışına 28 futbolçu çağırıb.

Onlar arasında ilk dəfə dəvət olunan Elhad Nəzirli Moldovanın yüksək liqasında “Milsami” klubunda çıxış edir.

Süleymanovun sözlərinə görə, 20 yaşlı mərkəz müdafiəçisinin Rusiya paytaxtına aparılıb-aparılmamağına toplanışın sonunda qərar veriləcək: “Bildiyiniz kimi, oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışımız olacaq və 14-də Rusiyaya yollanırıq. Onda səfərə çıxan heyət bilinəcək. Toplanışa çağırılan 28 futbolçunun hamısı Moskvaya getməyəcək ki... Səfərə 23-24 futbolçu çıxacaq. Hər şey futbolçuların özlərindən asılıdır”.

Mehman SÜLEYMANOV