Dmitri Nazarov kimdir?
05.10.2012 - 16:44
Dmitri Nazarov kimdir?
Azərbaycan yığmasının heyətinə cəlb olunan Dmitri Nazarovun kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın Krasnoarmeysk şəhərində anadan olan 22 yaşlı hücumçu Almaniya futbolunun yetirməsi sayılır.

Belə ki, 1990-cı il aprelin 4-də anadan olan Dmitrinin karyerası yığmamızın baş məşqçisi Berti Foqtsun vətəni ilə bağlıdır. Uşaq illərində “Vormatia Vorms” komandasında oynayan Nazarov sonradan məşhur “Kayzerslautern”in skautlarının diqqət mərkəzinə düşüb.

Bir müddət bu klubun aşağı yaş qruplarından olan komandalarda oynadıqdan sonra “Kayzerslautern-II”yə keçib. 2009/10 mövsümündə Qərb Regionalliqasında bu klubun şərəfini qoruyan hücumçu 22 matçda 2 qola imza atıb. Növbəti 2 mövsümü Cənub Regionalliqasında oynayan Frankfurt “Ayntarxt-II”də keçirən millimizə namizəd 39 matçda 11 dəfə rəqib qapılarına tol tapıb.

Hücumçu 2012/13 mövsümündə 3-cü liqada çıxış edən “Prussen Münster”ə transfer olunub. Burada isə 12 matçda 3 qola imza ata bilib. Nazarov sonuncu dəfə sentyabrın 9-da vaxtilə Bundesliqadakı çıxışı ilə tanınan “Arminiya” ilə görüşdə fərqlənib. O, 4:0 hesabı ilə başa çatan matçın 46-cı dəqiqəsində komandasının 2-ci qolunu vurub.