“Azərbaycan çempionu da müəyyən itkilərlə üzləşib” - MÜSAHİBƏ
05.10.2012 - 23:01
“Azərbaycan çempionu da müəyyən itkilərlə üzləşib” - MÜSAHİBƏ
Sloveniyalı Milivoje Simeunoviç şərəfini qoruduğu “Litija” futzal klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, 36 yaşlı veteran müdafiəçi UEFA kubokunun elit-raundunun vətənində keçiriləcəyi oyunlar haqda danışıb. Adı daha çox qısaldılmış Mile kimi çəkilən futzalçı Azərbaycan çempionu “Araz”, həmçinin İspaniya “Barselona”sı və Xorvatiya “Split”i ilə baş tutacaq qarşılaşmalar haqda fikirlərini bildirib.

- UEFA kubokunun elit-raundunun yaxınlaşması hazırlıq planınızda nə kimi dəyişikliklərə səbəb olub?
- Əslində, biz heç bu turnirə hazırlaşmırıq da. İndi məşqlərimiz çempionatın qarşıdakı oyununa hesablanıb. Avrokubokların hazırlığı isə yalnız gələn həftə start götürəcək. Hər oyundan sonra növbəti matçı düşünürük.

- Turnirdəki rəqiblərinizi necə dəyərləndirirsiniz?
- “Split” ötən illə müqayisədə xeyli zəifləyib. Bu da bir qrup oyunçunun getməsi ilə izah olunur. Elə Azərbaycan çempionu da müəyyən itkilərlə üzləşib. “Barselona” isə heç vaxt olmadığı qədər güclüdür. Bu gedişlə onlar 5 il ardıcıl Avropanın zirvəsində oturacaqlar.

- Əgər “Barselona”nı Avropanın ən güclüsü sayırsınızsa, deməli, “Dördlər finalı”na yeganə vəsiqəyə iddianız yoxdur. Bəs turnirdən nə gözləyirsiniz?
- Hər şey oyunun alınmasından asılıdır. Biz də hər matçda yaxşı oynamaq istəyirik.

- Komandanın qarşısında hansı vəzifə qoyulub? Hansı nəticəyə ümid edirsiniz?
- Hər şey mümkündür. Amma həqiqət də var ki, “Barselona”nı arxada qoyub qalib olmaq qeyri-realdır. Sadəcə, hər görüşdə çalışıb bacardığımız kimi oynamalıyıq.