Nazim Süleymanov: Səviyyə fərqi özünü göstərdi – MÜSAHİBƏ
05.10.2012 - 17:42
Nazim Süleymanov: Səviyyə fərqi özünü göstərdi – MÜSAHİBƏ
Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- Avroliqanın qrup mərhələsinin II turu çərçivəsində canlı izlədiyiniz “Neftçi” – “İnter” oyununu necə dəyərləndirərdiniz?
- Baxımlı matç oldu. “Neftçi” yaxşı oynadı. Xüsusilə, ikinci hissədə yaxşı təsir bağışladı.

- Komandamızın ilk hissədə zəif oyununu nə ilə izah edərdiniz?
- Bilirsiniz, futbol səhvlərdən ibarət oyundur. Gördünüz ki, səhvlərdən qol buraxdıq. İstər-istəməz psixoloji amil də var idi ki, rəqib “İnter”dir. Düzdür, səviyyə fərqi özünü göstərdi. “İnter” güclü komandadır və biz bunu bilirik. Ancaq “Neftçi” layiqli oynadı. Məni məyus edən o oldu ki, azarkeşlərimizin bəziləri hələ ilk hissədə buraxılan 3 qoldan sonra stadiondan getdilər. Biz bura “Neftçi”yə dəstək olmağa gəlmişdik. Uduzmağın buna dəxli yoxdur. Belə deyirlər ki, uşaq yıxıla-yıxıla böyüyür, yeriyir. Buna görə mən burada heç bir qəbahət görmürəm. İstənilən halda, futbolda 3 nəticə olur: qələbə, heç-heçə, məğlubiyyət.

- “Neftçi” bu qrupda nəyə ümid edə bilər? Yoxsa ilk 2 yeri əsas namizədlər olan “İnter”lə “Rubin” aşkar favoritdir?
- Mənə elə gəlir ki, “İnter”lə “Rubin” aşkar favoritdir. Ancaq bu, o demək deyil ki, biz oynamamalıyıq. Xeyr, sona kimi mübarizə aparmalıyıq. Nə qədər çox xal yığsaq, bir o qədər gələn il Avropaya çıxan klublarımız üçün rahat olar. Onlar üçün xal yığmaq lazımdır.

- Qarşıdan “Rubin”lə oyunlar ki, bu, qrupdakı vəziyyətə böyük ölçüdə aydınlıq gətirəcək. “Neftçi” üçün həlledici olacaq bu ardıcıl matçlardan nə gözləyirsiniz?
- Bəli, bu oyunlar çox şeyi həll edəcək. “Rubin” də yaxşı komandadır. Çalışıb oynamaq lazımdır. Qətiyyən ruhdan düşmək lazım deyil. Hər oyunda xal götürmək lazımdır.

- “Neftçi”nin millidəki digər təmsilçisi Mahir Şükürovun “İnter”ə qarşı oyununa necə qiymət verərdiniz?
- Mahir yaxşı təsir bağışladı, meydanda soyuqqanlı idi. Sağ cinahdan qapı qarşısına yaxşı ötürmələr edirdi. Şükürovun təcrübəsi var və bundan istifadə elədi.

Mehman SÜLEYMANOV