Nikolas Kanales: Başqa kluba keçə bilərəm
05.10.2012 - 23:02
Nikolas Kanales: Başqa kluba keçə bilərəm
Bakının “Neftçi” klubunun futbolçusu Nikolas Kanales Çili mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turunda İtaliyanın “İnter” klubunun qapısına qol vuran hücumçu matç (1:3) haqda fikirlərini açıqlayıb.

- İtaliya “İnter”i ilə oyun haqda nə düşünürsünüz?
- İndiyədək “İnter”i yalnız televizorda görmüşdüm. İlk dəfə belə rəqiblə qarşılaşırdım. Bunu vurduğum qolla lazımınca qeyd etdim.

- Vaxtilə həmyerliniz İvan Samoranonun oynadığı komandaya qol vurdunuz. Nə hisslər keçirdiniz?
- Mənə elə gəldi ki, “Playstation” oyununun içindəyəm. “İnter”ə qarşı da orda oynayıram. Çox xoşbəxtəm.

- Oyun necə keçdi?
- Bütün gücümü ortaya qoydum. Həmin anda həmin yerdə olmaq üçün əlimdən gələni etdim. Xoşbəxtlikdən orda olub, qol da vurdum.

- Oynadığınız Azərbaycan çempionatı ilə Çili birinciliyini müqayisə edə bilərsiniz?
- Çilidə çempionatda rəqabət böyükdür. Azərbaycanda isə mənim komandam ən böyük klubdur və Avropa Liqasında oynayan tək təmsilçiləridir.

- Komandamnz haqda nə deyə bilərsiniz?
- Komanda yoldaşlarımın demək olar hamısı öz yığmalarında oynayır.

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Məqsədim üzərimdə çalışıb ustalıq səviyyəmi daha da artırmaqdır. Bununla da gələcəkdə Avropanın daha güclü liqalarına keçə bilərəm.

- Çili milli komandasına dəvət haqda nə düşünürsünüz?
- Mən uzaqgörən deyiləm ki, indidən nə isə deyə bilim. Təbii ki, dəvət olsa yığmaya can atacağam.