“Bütün ölkə bizə baxır”
08.10.2012 - 16:32
“Bütün ölkə bizə baxır”
“Biz Azərbaycana tarix yazmağa gəlmişik. Bunu da bacardıq. Amma daha artığını istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Qana millisinin kapitanı Prissilla Okvere deyib.

Ölkəmizdə keçirilən dünya çempionatının yarımfinal oyunları ərəfəsində iddialı açıqlama verən Okvere bildirib ki, bütün Afrika onlardan qələbə gözləyir: “Fransanı məğlub edib finala çıxmaq, sonra isə kuboku Qanaya aparmaq əzmindəyik. Bütün Afrikanın gözləri bizdədir. Bu da bizi ruhlandırır. Bütün ölkə bizə baxır - bu ifadə olunası hisslər deyil”.

Kapitan bu uğura görə komanda üzvlərinə təşəkkür edib: “Komandamızdan çox şey gözləyirdim. Yaponiya ilə oyunda da rəfiqələrim nə qədər güclü olduğumuzu sübut etdi. Buna görə bütün komanda yoldaşlarıma minnətdaram”.

Yığmanın baş məşqçisini də tərifləyən futbolçu Məs-Ud Dramani uğurun əsas memarı hesab edir: “Çox şadıq ki, komandasını ən güclü sayan məşqçi ilə çalışırıq. O, bizə inanır, biz də ona. Yaponiya üzərində qələbəmizin sirri isə istəkdədir. Biz qalib gəlmək istəyirdik, bunu da gerçəkləşdirdik. Müdafiə planında dünyanın ən yaxşılarından biriyik. Bunun sayəsində 1/4 finalı arxada qoyduq”.

1/4 final mərhələsinin Yaponiya ilə oyununda həlledici qolu vuran Şerifatu Sumaila da yarımfinala çıxmadan bəhs edib: “Elə həyəcanlıyam ki... 2010-cu ildə də mundialda çıxış etmişdim. Amma qol vurmamışdım. Final mərhələlərində ilk qoluma görə çox xoşbəxtəm”.

Sumaila təkcə Qananı deyil, bütün qitəni təmsil etdiklərini də bildirib: “Biz Afrika naminə oynayırıq. Həmişə də belə olub. Qitəmiz üçün çempionluq qazanmalıyıq. Bunu reallaşdırmaq üçün əlimizdən gələni də edəcəyik”.