Kazbek Tuayev: Rusiya yığması güclü yox, adi komandadı – MÜSAHİBƏ
08.10.2012 - 16:40
Kazbek Tuayev: Rusiya yığması güclü yox, adi komandadı – MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayevin apasport.az saytına müsahibəsi

- Şəxsi işlərinizlə əlaqədar mütəmadi Moskvaya səfər edirsiniz. Milli komandamızın oktyabrın 16-da Rusiya ilə səfərdəki oyununu izləməyə yollanacaqsınız?
- Böyük məmnuniyyətlə gedərdim. Ancaq rəhbərlik etdiyim futbol məktəbində iş çoxdur. Bu səbəbdən təəssüf ki, səfərim alınmadı. Nə edəsən?

- Hər halda, siz Rusiya üçün maraqlı persona olduğunuzdan, Moskvaya getməyiniz yaxşı olardı...
- Moskvadan təzəlikcə qayıtmışam, yenə necə gedim? Burada uşaqların çempionatı başlamaq üzrədi, onları yoxlamaq lazımdır. 1000 uşağı yoxlamamış yarışa buraxa bilmərik. Ancaq hər halda, bizim veteranlar Moskvaya gedib, rusiyalı həmkarları ilə yoldaşlıq oyunu keçirəcəklər. Onlardan xahiş elədim ki, yaxşı oynayıb, qalib gəlin və yığmamızı da yaxşı dəstəkləyin. Bakılı uşaqların hamısı “Lujniki” stadionunda gələcəklər. Buna görə yığmamıza yaxşı dəstək olacağını düşünürəm.

- Bəs yığmamız “Lujniki”də hansı nəticəyə ümid edə bilər?
- Dolu tribunalar qarşısında oynayacağıq deyib, təşvişə düşməməliyik. Məgər Portuqaliya ilə səfər matçında stadionda adam az idi? Fikrimcə, “Lujniki”yə xeyli azərbaycanlı gələcək. Moskvada yaşayan həmyerlilərimiz yığmamıza dəstək olacaqlar. Hətta oğlum deyib ki, ata, uşaqların hamısını “Lujniki”yə aparacaq. Deməli, Rusiya ilə oyunda yığmamıza böyük dəstək olacaq. Əlbəttə, səfərdə oynamaq çətindir. Ancaq bununla belə, bizimkilərin mütləq özlərini ən yaxşı tərəfdən göstərməli olduqlarını düşünürəm.

- Fabio Kapellonun gəlişindən sonra Rusiya yığmasında böyük dəyişiklər var. Bir sıra təcrübəli futbolçular heyətə çağırılmayıb. “Zenit”dəki məlum hadisələr də öz mənfi təsirini göstərə bilər...
- Düzdü, Rusiya yığmasında Dzaqoyev, Denisov, Bıstrov və Kerjakovla bağlı problemlər var. Bunların hamısı isə Portuqaliya ilə oyun zamanı görünəcək. Bu, bizə maraqlı olacaq və həmin matçda rəqibin oyununu bilib, dəqiq qiymət verə biləcəyik. Üstəlik, rusiyalılar özlərindən razı olurlar. Halbuki, adi, ortabab komandadır. Heyətində 1-2 güclü futbolçu var. Məsələn, qapıçı İqor Akinfeyevlə yarımmüdafiəçi Roman Şirokovu fərqləndirərdim. Bax, onlarda yüksək səviyyə var. Qalanları isə adi futbolçulardır. Elə bir futbolçusu yoxdur ki, bizimkilərdən səviyyəcə yüksək olsun. Misal üçün, “Neftçi” ilə “İnter” oynadı. Bax, orda oyun səviyyəsi dərhal görünürdü. Ancaq Rusiya - Azərbaycan matçında böyük səviyyə fərqi qətiyyən görünməyəcək.

- Yeri gəlmişkən, “Neftçi” – “İnter” oyunu sizdə hansı təəssürat oyatdı?
- Bizimkilər çalışdılar, istək böyük idi. Ancaq “İnter”in səviyyəsi yüksək idi. Buna görə nəsə demək çətindir. Burada hər şey dərhal aydındır. Rusiyalıların səviyyəsi bizdən azacıq yüksək olar, vəssalam.

- “Neftçi”ni Avroliqanın qrup mərhələsində “Rubin”lə ardıcıl oyunlar gözləyir. Həlledici olacaq bu matçlardan nə gözləyirsiniz?
- Qrupdan çıxmaq haqda danışmaq çətindir. Onu deyim ki, “Rubin” də stabil komanda deyil. Bir oyunu yaxşı oynayır, digərini pis. Bilmirəm ki, onların qarşısında hansı vəzifə durur. Məsələn, dünən evdə “Amkar” kimi zəif komandaya uduzdular. Bu, onu göstərir ki, “Rubin” də qeyri-sabit çıxış edir. Məncə, kazanlılarla yaxşı oynamaq olar. Ancaq “Rubin”lə 2 oyundan sonra qrupdan çıxmaq məsələsi haqda danışmaq çətindir. Bundan sonra 2 tura baxmaq lazımdır və onda bilinəcək. Mən “Neftçi” rəhbərliyinin nikbinliyini alqışlayıram. Əlbəttə, onlar üçün hər şeyin yaxşı nəticələnməyini arzulayıram. Ancaq proqnoz verə bilmərəm.

- Kamran Ağayevin 1 aydır oyun praktikası sarıdan korluq çəkməyi Rusiya ilə görüşdə mənfi təsirini göstərə bilərmi?
- Kamranın oyun praktikasının olmamağı bir az narahatlıq doğurur. Ancaq məsələ ondadır ki, Ağayev yığmanın təlim-məşq toplanışında hazırlıq keçəcək. Ona qalsa, Kamranın Portuqaliya ilə matça qədər də oyun praktikası yox idi. Ancaq həmin oyunda əla çıxış etdi. Fikrimcə, əsas qapıçımızın oynamamağı öz təsirini göstərməyəcək. Sahə oyunçusu olanda, bu, təsir edir, ancaq qapıçıda yox. Hər halda, o qaçmır ki... Ancaq istənilən halda, futbolçuya oyun praktikası mütləq lazımdır. Kamran gənc oğlandır, səhv edir, sonra bunu başa düşür. Hamı səhv edir, axı biz hamımız insanıq. Biri sakitdir, digəri çılğın. Belə şeylər olur. Allah eləsin ki, futbolumuza böyük pullar gəlsin, insanlarımızın qazanmağına çox sevinirəm. Kimisə pul pozur, kimisə yox. Həyatda bunların hamısı olur. AFFA prezidenti Rövnəq Abdullayev sağ olsun ki, Ağayevin oynamağı üçün “Xəzər Lənkəran”ın rəhbərliyinə müraciət edib. Hər halda, o, futbolçular və ilk növbədə yığma haqda fikirləşir.

- Vaqif Cavadovun bağışlanıb, yığmaya qayıtmağında isə sizin də təşəbbüsünüz oldu. Sizcə, hücumçu ona yaxşı tanış olan Rusiyada özünü göstərə biləcək?
- Vaqif yığmamızın ən yaxşı futbolçusudur. Bu, mənim şəxsi fikrimdir, belə də yaz. Yaxşı oldu ki, Foqts onu yığmaya qaytardı. Bu barədə hamımız AFFA-nın baş katibi Elxan Məmmədovdan xahiş elədik. O da bununla bağlı Foqtsla çox söhbətləşdi. Sonda onu inandırdı ki, Vaqif milliyə lazımdır. Foqts da sağ olsun ki, güzəştə gedib Cavadovu yığmaya qaytardı. Hesab edirəm ki, o, Moskva MOİK-ində futbola yaxşı başladı, “Volqa”da yaxşı oynadı. Görünür, ordakı insanlar elə etdilər ki, Vaqif getsin. Hərçənd o, komandada ən yaxşılardan idi.

Mehman SÜLEYMANOV