“Rusiya yığması indi daha güclüdü”
08.10.2012 - 23:01
“Rusiya yığması indi daha güclüdü”
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Milli komandamız oktyabrın 16-da Rusiya yığmasının qonağı olacaq. Bu qarşılaşmaya hazırlıq necə gedir?
- Normal qaydada. Əhval-ruhiyyəmiz yaxşıdır. Komandaya istirahət verilmişdi. Bu gündən (dünəndən) məşqlərimizi bərpa etmişik.

- Portuqaliya ilə oyundan təxminən 1 ay vaxt keçib. Bu müddətdə hansısa dəyişiklik varmı?
- Böyük dəyişiklik yoxdur. Portuqaliya ilə qarşılaşmadan öncə İsraillə qənaətbəxş nəticə qazandıq. Bu dəfə bir oyun keçirəcəyik. Çalışacağıq ki, heç olmasa, heç-heçə edək. Hamı Moskvada uduzmamaq haqda düşünür.

- Yəqin ki, Rusiya yığmasının oyununu izləmisiniz. Fabio Kapellonun gəlişindən sonra Rusiya millisində hansı dəyişikliklər müşahidə edilir?
- İtaliyalı mütəxəssisin gəlişindən sonra xeyli dəyişikliklər var. Komanda daha yığcam oynayır və görünür, daha tələbkar məşqçidir. Meydana hazır olan futbolçunu buraxır. Bu da rəqabəti artırır. Düşünürəm ki, hazırkı Rusiya əvvəlkindən daha güclüdür. Söhbət Avropa çempionatında çıxış edən komandadan gedir. Bura Quus Hiddinkin dövründəki yığma aid deyil.

- Deməli, söhbət Dik Advokatin çalışdırdığı komandadan gedir...
- Bəli.

- 3 il əvvəl Bakıda Rusiya ilə 1:1 hesablı heç-heçədən sonra azarkeşlər bu dəfə millimizdən yenə müsbət nəticə gözləyir. Bəs futbolçular necə, buna hazırdırlarmı?
- Bunu oyun göstərəcək. Ancaq Bakıda 3 il əvvəl heç-heçə etdiyimiz oyunla budəfəki qarşılaşma arasında fərq böyükdür. Çünki həmin vaxt oyunun nəticəsi rusiyalılar üçün əhəmiyyət kəsb etmirdi. Baş məşqçi Qus Hiddink əsas heyətin bəzi oyunçularına istirahət vermişdi. Onlar bizimlə matçda elə də həvəsli deyildilər. Çünki öz meydanlarında məğlub olub gəlmişdilər və qrup lideri ola bilmirdilər. Bakıdakı oyundan heç nə asılı deyildi. Bu dəfə vəziyyət fərqlidir. Komanda iddialıdır və iki oyundan maksimum xal toplayıb. Bizdən öncə Portuqaliyanı üstələməyə çalışacaqlar. Oktyabrın 12-də onların Portuqaliya ilə oyunu var və bu matçı da izləyəcəyik. Bundan sonra rəqibi tam analiz edib, oyuna hazırlaşacağıq.

- Rusiya Portuqaliya ilə birgə qrupun aşkar favoritidir. Onlara qarşı hansı oyun üslubuna üstünlük veriləcək?
- Baş məşqçinin tələblərindən, eləcə də quracağı heyətdən çox şey asılı olacaq. Tam müdafiədən oynayanda rəqibə 90 dəqiqə hücum etmək şansı verirsən. Ona görə də top saxlamaq, rəqibi əks-hücumlarda qorxutmaq lazımdır ki, çox böyük qüvvə ilə irəli atılmasın. Portuqaliya ilə oyunda müdafiədən oynadıq. Bu da rəqibin gücündən asılı idi.

- Yeri gəlmişkən, Rusiya ilk oyunda iki, daha sonra səfərdə 4 qol vurdu. Yəni məhsuldarlıq heç də zəif deyil. Eyni zamanda, komanda müdafiədə də etibarlı oynayır və hələ qol buraxmayıb. Yığmamız bu göstəriciləri üstələyə biləcəkmi?
- Onlar qrup mərhələsinə yaxşı başlayıb. İki oyuna 6 qol vurub. Başa düşürük ki, hücumda məhsuldardırlar. Rusiya ilə matçda hücumlar qurmalıyıq. Təhlükəli hücumlar quranda komandada özünəinam artır, düşünürsən ki, rəqibə qarşı mübarizə aparmaq olar. Rusiya, Portuqaliya kimi komandalardan çəkinmək lazım deyil. Çünki onlarla səfərdəki oyunlarda itiriləsi heç nəyimiz yoxdur. Xal qazansaq da olar, qazanmasaq da. Qorxulu heç nə yoxdur. Rahat oynamaq lazımdır. Lüksemburqla oynasaydıq, əlbəttə, həyəcan olacaqdı. Fikirləşsəydik, uduzsaq necə olacaq? Amma Moskvadakı oyunda bu hisslər olmamalıdır. Özümüzü göstərməli, yaxşı futbol oynamalıyıq.

- Əfran İsmayılov və Cavid İmamverdiyev zədəli olduqları üçün heyətdən kənarlaşdırıldılar. Onların yoxluğunu itki hesab etmək olarmı?
- Hər bir futbolçunun yoxluğu itkidir. Bu tip oyunlarda Əfran çox iştirak etməyib. Cavid isə ümumiyyətlə rəsmi matçlarda meydana çıxmayıb. Əlbəttə, hər ikisinin faydası ola bilərdi. Bu da faktdır ki, Əfrandan bu tip komandalarla səfər oyunlarında nadir hallarda istifadə olunub. O, daha çox burdakı oyunlarda meydana çıxıb. Təbii ki, komandanın düşərgəsində olsaydılar, daha yaxşı olardı. Ancaq belədə ciddi itki olacaqlarını düşünmürəm.

- Qrupda üçüncü pilləni tutmaq şansımız nə dərəcədə realdır?
- Çətindir, amma arxada qalan iki tur bunun mümkünsüz olmadığını ortaya çıxardı. Üçüncü yer uğrunda mübarizə aparmaq olar. Əlimizə tarixi şans düşüb. Nəzər alsaq ki, ən ağır səfər oyunumuz da geridə qalıb, buna can atmalıyıq. Üçüncü, ən pis halda dördüncü pilləni tuta bilərik.