“Əsas oynamaqdı, pul özü gələcək” - MÜSAHİBƏ
09.10.2012 - 13:31
“Əsas oynamaqdı, pul özü gələcək” - MÜSAHİBƏ
Moldovanın “Milsami” klubunun futbolçusu, Azərbaycan yığmasının təlim-məşq toplanışına dəvət edilən Elhad Nəzirlinin apasport.az saytına müsahibəsi

- “Milsami”yə keçidiniz necə baş tutdu?
- Moldovadan öncə Rumıniyaya yollanmışdım. “Rımniku Vılça” klubunda baxışda oldum. Hər şey qaydasında idi. Sonra Bakıya dönüb, bir illik viza açdırmalı idim. Sonra menecer zəng vurub baş məşqçinin istefa verdiyini dedi. Bir neçə gündən sonra həmin menecer yenidən mənimlə əlaqə saxladı və istefa verən baş məşqçinin “Milsami”yə yollandığını bildirdi. O, həmçinin baş məşqçinin məni də həmin komandada görmək istədiyini vurğuladı. Təklifi qəbul etdim və Moldovaya yollandım. “Milisami”yə gedən gündən bütün oyunlarda əvəzolunmadan iştirak etmişəm.

- Amma həmin vaxt yerli klublardan sizinlə maraqlanan var idi. Bir müddət “Turan”ın düşərgəsində oldunuz, hətta müqavilə də imzaladınız. Sonra nə baş verdi ki, mövsümün əvvəlindəcə komandadan ayrıldınız?
- “Turan”la bir illik müqavilə imzalamışdım. Sadəcə, “Kəpəz”lə oyun öncəsi bir qədər anlaşılmazlıq yarandı. Nəticədə müqaviləni qarşılıqlı şəkildə pozduq.

- Problem maliyyə ilə bağlı idi?
- Xeyr. Söhbət oynamaqdan gedirdi. Üstəlik, Rumıniyadan gələn təklif daha sərfəli idi. Bu səbəbdən getməyə qərar verdim.

- Rumıniyada baxışda olduğunuz klubun şəraiti necə idi?
- “Rımniku Vılça” köklü klubdur. 15 min tutuma malik stadionu, bazası, əla şəraiti var. Birinci dəstədə mübarizə aparırlar. Məqsədləri çempion olmaqdır. Bizdən fərqli, onların aşağı dəstəsində 32 komanda çıxış edir. İş elə alındı ki, baş məşqçi istefa verdi. Buna görə də həmin kluba keçidim alınmadı.

- “Milsami”də legioner çoxdur?
- 6-7 yerli, qalanları Portuqaliya, Braziliya, İspaniya, Kamerun, Nigeriya kimi ölkələrdən gəlib. Əsas heyətə düşmək çox çətindir. Hər mövqedə ən azı iki güclü, hazır futbolçu var. Əlimdən gələni edirəm ki, heyətdəki yerimi heç kimə verməyim.

- Beynəlmiləl komandada ünsiyyət qurmaq çətin deyil?
- Çətinliklər var. Baş məşqçinin tərcüməçisi vasitəsilə anlaşırıq. Legionerlərlə də çox vaxt ingilis dilində ünsiyyət qururuq.

- “Milsami” hazırda Moldova çempionatında uğurlu çıxış edir. Qarşıya hansı məqsəd qoyulub?
- Ötən il komanda ölkə kubokunu qazandı və Avropa Liqasında çıxış etdi. Cari çempionatda da minimum vəzifə kuboku yenidən qazanmaq və çempionatı üçüncü pillədə başa vurmaqdır. Şansımız çoxdur.

- “Şerif”i çıxmaq şərtilə Moldova klublarında maddi durum elə də ürəkaçan deyil. Bu baxımdan klubunuzda vəziyyət necədir?
- Maaş məni qane edir. Elə yaş dövrüdür ki, pul haqda düşünmək tezdi. Əsas futbol oynamaqdır, pul özü gələcək.

- Moldovaya yollandıqdan sonra klublarımızdan sizinlə maraqlananı olubmu?
- Maraq olsa belə, amma hələ bir illik müqaviləm var. Müqaviləm bitdikdən sonra, daha güclü klublardan birinə yollanmaq haqda düşünürəm. Hələ ki, planımda Azərbaycana dönmək yoxdur.

- Orada bizim futbola münasibət necədir?
- Çox yaxşı. “Xəzər Lənkəran”dan ayrılan Bruno Simoa hazırda “Milsami”də çıxış edir. AZAL-ın formasını geyinmiş Boqyu da bizdədir. Futbolumuza yaxşı bələddirlər və maraq da böyükdür.

- “Milsami”nin baş məşqçisi Raynor Tsobel almaniyalıdır. Berti Foqtsla onun tələblərində oxşarlıq varmı?
- Tələblər demək olar üst-üstə düşür. Buna görə də çətinlik çəkmirəm. Çünki klubdakı baş məşqçim bunları mənə başa salıb.

- İlk dəfədir yığmaya çağırılırsınız. Kollektivə uyğunlaşa bilirsiniz?
- Hər şey yaxşıdır. Hazırkı komanda yoldaşlarımın hamısını tanıyıram. Vaxtilə bir yerdə oynamışıq.

- Qarşıdan Rusiya ilə oyun gəlir. Nəyə ümid etmək olar?
- Nə deyim? Bütün komanda yoldaşlarım qələbə haqda düşünür. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq.

- Rəqibin hücum xətti kifayət qədər məhsuldardır. Onları dayandırmaq mümkün olacaqmı?
- Müdafiədə diqqətli oynamaqla çalışacağıq ki, qol buraxmayaq. Bunu bacarmalıyıq. Düzdür, çox çətin olacaq, ancaq ən azı heç-heçə etməliyik.