Əfsanə “Neftçi”dən danışdı
09.10.2012 - 14:08
Əfsanə “Neftçi”dən danışdı
“Bildiyimə görə, “Partizan”ın büdcəsi 12 milyon avrodur. Serbiyada futbolçu üçün illik maaş maksimum 15 min avrodur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya futbolunun və Avropa Liqasının qrup mərhələsində “Neftçi” klubunun rəqibi olan “Partizan”ın əfsanəsi, hazırda Serbiya Futbol Assosiasiyasında yığmalar üzrə direktor vəzifəsində çalışan Savo Miloşeviç deyib.

O, Belqrad klubuna avrokuboklardakı təmsilçimizi məğlub etmək üçün dəqiqlik çatmadığını bildirib: “Partizan”ın futbolçuları bir az dəqiq oynasaydılar, “Neftçi”ni məğlub edərdilər. Axı onlar Bakı klubunun qapısı qarşısında kifayət qədər qol epizodu yaratmışdılar. Sadəcə, bu şanslardan istifadə edə bilmədilər. Bu da heyətdəki futbolçuların çoxunun təcrübəsiz olması ilə bağlıdır. “Partizan” çox gənc komandadır”.

Keçmiş hücumçu “Rubin” və “İnter”i qrupun favoriti hesab edir: “Hələ püşkatma vaxtı demişdim ki, çox güman bu qrupdan “İnter” və “Rubin” çıxacaqlar. O vaxtdan bəri heç nə dəyişməyib. Geridə qalan 2 tur göstərdi ki, proqnozumda yanılmamışam. Düzdü, hələ qabaqda 4 oyun var, amma Kazan klubu ilə İtaliya təmsilçisi böyük üstünlüyə malikdirlər”.