Kamran Ağayevə “Xəzər Lənkəran”da kim məşq keçəcək?
09.10.2012 - 15:10
Kamran Ağayevə “Xəzər Lənkəran”da kim məşq keçəcək?
“Komandaya məşqçi gətirmək 1 günə həll olunan məsələ deyil. Artıq neçə vaxtdır bu işlə məşğuluq. Bizə təklif olunan çalışdırıcılar var idi, amma biz bəyəndiyimiz məşqçiyə təklif göndərmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

O bildirib ki, məşqçilər korpusunda aparılan islahatlardan sonra boş qalan postlara təyinat uzun sürməyəcək: “Bir müddət əvvəl fiziki hazırlıq üzrə məşqçi Erik Roketanı komandaya dəvət etmişik. Həmin proqram üzrə digər məşqçi də gətiriləcək. Yaxın müddətdə bu məsələyə aydınlıq gələcək. Çalışdırıcının hansı ölkədən olacağını açıqlamaq istəmirəm”.

Nadirovun sözlərinə görə, ilk növbədə seleksiya işləri ilə məşğul olan Zaur Ramazanovun postundan kənarlaşdırılmasından sonra boş qalan yerə mütəxəssis gətiriləcək. Lakin yeni məşqçilərin sayı 1 deyil, 2 də ola bilər: “Hazırda baş məşqçinin seleksiya işləri üzrə köməkçisinin məsələsi ilə məşğuluq. Ola bilər ki, daha 1 məşqçi də gətirək. Bu, baş məşqçimizin təhlil üzrə köməkçisi vəzifəsidir. Bu posta gələcək çalışdırıcı daha çox komandanın oyununu və rəqiblərin təhlilini aparacaq”.

Transferə çıxarılan qapıçı Kamran Ağayevin geri qaytarılmasından sonra qolkiperlərlə işləyən məşqçi Hafiz Əliyevin məsələsi də maraq doğururdu.

Millimizin qapıçısına məşq keçməyəcəyini açıqlayan Əliyevin komandada qalacağını bildirən Nadirov bu məsələyə də aydınlıq gətirib: “Hafiz müəllimin klubumuzda xidməti böyükdür. Onun milli komanda üçün 2 qapıçının yetişməsində böyük rolu var. Kamranın əsas yığmada, Orxan Sadıqlının U-21-də oynaması Əliyevin əməyidir. Gələcəkdə Orxan da əsas yığmada oynaya bilər. O ki qaldı dediyiniz məsələyə, mən də sizin kimi bu haqda mətbuatdan oxumuşam. Əliyev Kamrana məşq keçməməyi ilə bağlı rəhbərliyə müraciət edəcəyini deyib. Lakin belə müraciət hələ olmayıb. Yalnız bu baş verəndən sonra nə isə demək olar. Bu məsələyə də yaxın günlərdə aydınlıq gələr. Məşqçi ilə görüşüb söhbət edəcəyik”.