“Yumurtanı öz pulumla alıb yeyirəm”
09.10.2012 - 16:14
“Yumurtanı öz pulumla alıb yeyirəm”
Türkiyənin “Adana Dəmirspor” klubunun və Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Klubunuzda vəziyyət necədir?
- Yaxşı deyil. 6 tur keçib, artıq 3 baş məşqçi dəyişmişik. Bundan əlavə, maddi problemlər də var. Bir aydan çoxdur pulumuzu ala bilmirik.

- Bunu nə ilə izah edirlər?
- Problemin kökündə nə durduğunu bilmirəm. Bundan narahat idim. Klubun prezidenti ilə görüşdüm. Yaxşı olacağını dedi. Ancaq hələ vəziyyət düzəlməyib.

- Siz ora yollananda belə problemlərin olacağı gözlənilmirdi?
- Müqavilədə hər şey yazılıb. Ancaq sözün düzü, belə olacağını düşünmürdüm. Ümumi götürəndə, 2 qarşılaşmada oynadım, yaxşı oldu. Güclü komandalara – “Boluspor”la “Ərciyyəspor”a qarşı oynadım. İkisi də çempionluğa oynayan komandalardır. Həqiqətən də yaxşı təsir bağışladıq. Ancaq sonradan problemlər istər-istəməz təsir elədi. Hər problem yığıldıqca oyuna təsir eləyir.

- Komandanın uğursuz çıxışı bununla bağlıdır?
- Demirəm ki, məhz bununla əlaqəlidir. Amma hər halda, belə problemlər də təsirsiz ötüşmür.

- Son 2 matçda meydana çıxmamağınızın səbəbi nədir?
- Yeni baş məşqçi gələndən sonra 1 oyunumuz olub. Bu da srağagün “Adanaspor”la derbi idi. Düzdür, oynamadım, ancaq komandamız yaxşı çıxış elədi. Derbi istər-istəməz prinsipial olur. Bir şəhərin – Adanın 2 komandasıdır. Ən çox da azarkeşi olan “Adana Dəmirspor”dur. Stadiona 20 min azarkeş gəlmişdi. Həmin oyunda başqa variant yox idi və qələbə istəyimizə çatdıq.

- Yeni baş məşqçiniz Mustafa Uğur həmin vacib matçda sizi tam hazır saymadı, yoxsa onun kadrı olmadığınızdan sizə güvənmədi?
- Yeni gəlib, futbolçuları yaxşı tanımır. Getdikcə tanıyacaq. Hələ baş məşqçi ilə oynamaqla bağlı söhbətimiz olmayıb.

- Baş məşqçi dəyişikliyi komandada gələcək taleyinizə mənfi təsirini göstərə bilərmi? Çünki sizi ora gətirən baş məşqçi artıq postunda deyil...
- Sözün düzü, məni gətirən baş məşqçi çempionata 1 gün qalmış getdi, oyuna çıxarmadı. Mövsümə ikinci məşqçi ilə başladıq. Onunla iki yaxşı oyun keçirdik, sonradan ardıcıl 3 məğlubiyyət aldıq və onu da göndərdilər. Yeni çalışdırıcı ilə bir oyun oynayaraq, qələbə qazanmışıq.

- “Adana Dəmirspor”dan gedəcəyiniz halda, Türkiyədə qalmağı, yoxsa vətənə qayıtmaq variantı haqda düşünürsünüz?
- Türkiyədə bütün komandaların borcu var. Mən bunu ora gedəndən sonra öyrəndim. Maddi sıxıntılar çoxdur. Adi yeməyimizdə də problem var ki, bu, komanda üçün minimum şeydir. Məsələn, mən orda öz cibimdən xərcləyirəm. Səhər tezdən yumurta olmur, özüm pul verirəm ki, gedin bunu alıb mənə gətirin. Çünki məşqlərdə yüz faiz çalışıb, enerji itirirəmsə, onun kalori yeməklərlə yığmalıyam. Başqa problemlər də var. Mən indi-indi Türkiyəni tanıyıram. 2-3 yaxşı komandaları var hansı ki, onlarla belə problemlər yoxdur.

- Hər halda, Azərbaycan klublarında yemək cəhətdən heç bir problem olmur...
- Elədir. Mən də problemin adicə yeməyində gözləmirdim. Orda hər gün söhbətləşdiyimiz insanlar da problemin olduğunu bilirlər.

- Vəziyyəti yaxşı öyrənməmiş Türkiyəyə getdiyinizə görə indi peşman deyilsiniz?
- Yox. Yəqin ki, belə məsləhət imiş. Sadəcə, bu cür sıxıntıları gözləmirdim. Mən ora futbol oynamağa gedirdim. Ancaq problemlər çıxdıqca adamın özünə də pis olur

- Digər futbolçularımız – Rail Məlikovla Cihan Özkara da Türkiyənin I liqasında oynayır. Onlarla görüşürsünüzmü?
- Raillə telefonla danışırıq. Ancaq Cihanla “Ərciyyəspor”la oyunumzdan qabaq oturub, söhbət elədik. O, mənimlə görüşmək bizim qaldığımız otelə gəlmişdi. Qaldığımız şəhərlər arasında məsafə baxımından böyük fərq var. Buna görə tez-tez görüşə bilmirik, ancaq telefonla əlaqə saxlayırıq. Railin vəziyyəti yaxşıdır, hər oyunda oynayır. Səhv etmirəmsə, 9 xal toplayıblar, 5-6-cı yerdə gedirlər. “Dənizlispor” yaxşı komandadır, Məlikovun özü də hər matçda 90 dəqiqə oynayır.