Futbol yığmamızda yeni baş məşqçi?
09.10.2012 - 16:15
Futbol yığmamızda yeni baş məşqçi?
19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisinin kimliyinə böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu posta Zamin Əsədullayevin gətiriləcəyi gözlənilir.

Karyerasının böyük hissəsini qadın futbolunda çalışan məşqçi vaxtilə “Gömrükçü” komandası ilə Azərbaycan çempionu olub. Həmin klubda olduğu kimi, U-17 yığmasında da baş məşqçinin köməkçisi olan Əsədullayev Sissi Raytla çiyin-çiyinə yığmamıza xidmət edib.

Lakin Azərbaycanda keçirilən dünya çempionatından bir müddət əvvəl o, U-17-dən ayrılıb. Bunun səbəbi U-19-un formalaşdırılması üçün seleksiya işinin görülməsi olduğu ehtimal edilir.

AFFA-dan rəsmən bildirildiyi kimi, məsələyə bu gün aydınlıq gəlməlidir. Əsədullayev variantından son anda vaz keçiləcəyi inandırıcı görünməsə də, məhz AFFA-nın rəsmi qərarından sonra komandanı seçmə oyunlara çıxaracaq məşqçi bilinəcək.