Zorla gözəllik, yaxud “Neftçi”nin gələcək söhbəti
09.10.2012 - 23:50
Zorla gözəllik, yaxud “Neftçi”nin gələcək söhbəti
Kamil Nurəhmədov "Neftçi" rəhbərliyinə növbəti dəfə "gördüz, biz gənclərə şans veririk, Azərbaycan futbolunun gələcəyini düşünürük" demək şansı vermədi. Bu cavan oğlan Milan "İnter"iylə görüşdə o qədər bərbad çıxış etdi ki, oyundan sonra az qala hamı 1:3 hesablı məğlubiyyətin səbəbini onda gördü.

"Neftçi"nin bu "gələcək söhbəti"nə görə dalana dirəndiyi açıq-aşkar görünür. Söz ağızdan çıxıb, "ağ-qaralar" lap başdan "gələcəyi düşünürük" deməklə boyunlarına ağır yük götürüblər və o yükün altından çıxa bilmirlər.

Nurəhmədov "İnter"lə oyunda hansısa legionerin əvəzinə meydana çıxmadı ki. Bu oğlan Araz Abdullayevin, Mirhüseyn Seyidovun ehtiyatda oturması sayəsində dünyanın ən böyük klublarından birinə qarşı oynamaq fürsəti qazandı. Deməli, "Neftçi" heç də Əlinin papağını məsələn, Məmmədin başına qoymur. Bakılılar Əlinin papağını Vəlinin, Vəlininkini də Əlinin başına qoyur.

Yəni azərbaycanlı gənc futbolçular heyətdəki Flavinyonu, Vobayı, Ramosu, Kanalesi əvəzləmək gücündə deyil, olsa-olsa, bir-birini əvəzləyə bilərlər.

Bunlar bir-birini əvəzlədikcə də illər bir-birini əvəzləyir. İllərin bir-birini əvəzlədiyi dövrdə ortaya normal səviyyədə azərbaycanlı futbolçu çıxıbmı?

Allah xatrinə, deməyin ki, Kamil Nurəhmədov "İnter"lə qarşılaşmaya hazır deyildi, oyun təcrübəsi olmadığından ayaqları bir-birinə dolaşırdı. Oyun təcrübəsi və hazır olan Araz Abdullayevlə Mirhüseyn Seyidovdan biri çıxardı o zaman meydana.

Bir müddət əvvəl "Neftçi" rəhbərliyi həmin Araz Abdullayevin ayağına dəmirdən çarıq geyindirib, onu az qala bütün Avropada gəzdirdi. Adam İngiltərədən vurub, Yunanıstandan çıxdı. Hanı Azərbaycan futbolunun gələcəyi hesab olunan Araz? "İnter"lə oyunda ehtiyatda oturan oğlan Araz idi? Niyə çıxmadı meydana? Bütün mətbuatın narazılıq etdiyi Flavinyo səviyyəsində deyilsə, onda nədən danışırıq?

Bütün bu yalançı vədlər, guya Azərbaycan futbolu bulaqdı, həmin bulaqda futbolçular pıqqır-pıqqır qaynayır görüntüsü yaratmaq kimə, niyə lazımdı?

Avroliqanın qrup mərhələsi gənc bir aktyora istedadını göstərmək üçün verilən böyük bir teatr salonu kimidi. Bu teatrda oynanılan tamaşaya yüzlər, minlər deyil, yüz minlər, milyonlar baxır. Arazlar, mirhüseynlər, cavidlər üçün bundan böyük fürsət? "Neftçi"nin Avroliqa macərası bitəndən sonra bu uşaqlardan heç birinə xarici klublardan təklif gəlməyəcəksə, onda günah özlərində olacaq. "Teatr"da, "rejissor"da, "ssenari müəllifi"ndə yox...

"Hərçənd ki, əvvəl oynanılan "tamaşalar"da - millinin qarşılaşmalarında azərbaycanlı futbolçuların özlərini göstərmək üçün şansları olub, olur, olacaq da. Ya da "Qarabağ"ın qara günlərdə olmadığı, Avroliqada mərhələlər adladığı dövrlərdə bizimkilərə özlərini göstərmək üçün az şans verilməyib. Amma "tamaşa" bitəndən, alqış səsləri kəsiləndən sonra "Qarabağ"ın gənc yerli futbolçuları başladıqları yerdən davam etdilər. Həvəskar aktyor truppasında - Azərbaycan Premyer Liqasında. Nə təriflədiyimiz Rauf Əliyev, nə də "istedadlıdı" dediyimiz Əfran İsmayılov xarici skautların diqqətini çəkmədi (Sport-Ekspress).

"Bizim "gözəl" dediklərimizə avropalılar gözlərinin ucuyla da baxmır, qardaş. Deyəsən, ağıllı avropalılar "gözəllərimiz"in üzünə yaxdığımız ənliyin, kirşanın altındakı gerçək gözəlliyi görür axı.