“Atletiko”nun baş meneceri: “Bakı” ilə yoldaşlıq görüşü keçirəcəyik
12.10.2012 - 00:10
“Atletiko”nun baş meneceri: “Bakı” ilə yoldaşlıq görüşü keçirəcəyik
“Bakı” ilə Madrid “Atletiko”su ilə arasında əməkdaşlıq haqda razılıq əldə olunub. Apasport.az saytının məlumatına görə, İspaniya klubunun baş meneceri Migel Anhel Gil Marin bu gecə paytaxtımızda keçirdiyi mətbuat konfransında bunu açıqlayıb.

O, Azərbaycanda gördüyü qonaqpərvərlikdən razılığını bildirib: “Klubun prezidenti Hafiz Məmmədova şəxsən təşəkkürümü bildirəm. Monakoda Avroliqa Superkubokunu qazandığımız zamanı əməkdaşlığa başlamağı qərara aldıq. Məmmədov təklif etdi ki, “Atletiko” təcrübəsini bölüşsün və birgə inkişaf edək. “Atletiko” İspaniyada 3 ən böyük klubdan biridir. Bizim məşqlər çox yüksək səviyyədə keçir. Hafiz müəllim də istəyir ki, onlar “Bakı”da tətbiq olunsun. O, məni bura “Baki”, klubun infrastrukturu ilə tanış olmağa dəvət etdi. Buradakı şəraiti, Bakını görəndə xoş mənada təəccübləndim”.

O, qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacağını bildirib: “Bu, müxtəlif sahələri əhatə edəcək. İlk növbədə futbol sahəsini inkişaf etdirmək nəzərdə tutulub. Gələn ay “Atletiko”nun 2 məşqçisi bura təcrübəsi keçməyə, bölüşməyə, uşaqları inkişaf etdirməyə göndərməyə planlaşdırırıq. Burdan 4-5 futbolçu seçiləcək ki, orada təcrübə keçsin. Gələcəkdə “Bakı” ilə hansısa komandamızın yoldaşlıq görüşü keçirməyimiz nəzərdə tutulub. Üçüncü şərt kimi “Atletiko”nun atributlarının Azərbaycanda satılmağı nəzərdə tutulub”.

Madrid klubunun rəsmisi əsas məqsədlərinin Azərbaycan kimi ölkələrdə təcrübənin bölüşməyinin olduğunu söyləyib Onun sözlərinə görə, bura məşq prosesi, infrastruktur qaydaları nəzərdə tutulub və 15 günə rəsmi müqavilə imzalanacaq. Gil Marin futbolçuları Arda Turanla Radamel Falkaonun satılmağının nəzərdə tutulmadığını bildirib: “Sizi əmin edirəm ki, qışda heç bir futbolçunu satmayacağıq. İndi isə “transfer pəncərəsi” bağlıdır”.

Baş menecer burada təkliflər vermək, təcrübə bölüşmək istədiklərini deyib: “Elə bir məqsədimiz yoxdur ki, nəyisə yeridək. Biz burada təcrübə bölüşmək istəyirik. Gələn il iyunda-iyulda Tailanda, Səudiyyə Ərəbistanda yoldaşlıq görüşəcəyik. Həmin səfər zamanı Azərbaycana da gəlməyə çalışacağıq. Bunu gün ərzində “Bakı”nın prezidenti ilə müzakirə etmişik”.

O, futbol məktəblərində 90 faiz ispanların olduğunu bildirib: “Biz Çin klubu ilə bağladığımız müqaviləyə əsasən 10 futbolçu bizdə təcrübə keçəcək. Əsas odur ki, istedadlılar olsun və “Bakı”dan belələrini təcrübə keçməyə götürə bilərik. Burada insanlar qərar verəcəklər ki, hansı yaşda uşaqları göndərək. Bizdə 8-15 yaşlılar məşq edir. Gördüyümüz işlər təmənnasız nəzərdə tutulub. “Bakı”da Nurlan Novruzovu çox bəyənirəm. Ümid edirəm ki, növbəti il çempion olaraq, bunu Bakıya gəlib, birgə qeyd edəcəyik”.

Mətbuat konfransının sonunda “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov qonağa klubun adından xatirə hədiyyəsi təqdim etdi.

Mehman SÜLEYMANOV