Rövnəq Abdullayev Madrid klubunun rəsmiləri ilə görüşüb
12.10.2012 - 00:24
Rövnəq Abdullayev Madrid klubunun rəsmiləri ilə görüşüb
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycana gələn Madrid “Atletiko”sunun rəsmiləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, İspaniya klubunun baş meneceri Migel Anhel Gil Marinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşən Abdullayev onlarla futbolumuzun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

“Atletiko”nun rəsmilərinin ölkəmizə səfərində məqsəd “Bakı” ilə əməkdaşlıqdır ki, bununla bağlı klubun prezidenti Hafiz Məmmədovla geniş müzakirə aparılıb. Abdullayev, AFFA-nın İcraiyyə Komitəsinin də üzvü olan Məmmədov və ispaniyalılar “Bakı”nın təlim-məşq bazasında olaraq, infrastrukturla yaxından tanış olublar. Qonaqlar gördüklərindən məmnun qalıblar.

Mehman SÜLEYMANOV