Şakira oxuyacaq, qızlar oynayacaq
12.10.2012 - 09:39
Şakira oxuyacaq, qızlar oynayacaq
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatına sabah yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın son günündə 2 görüş baş tutacaq.

Bakıda keçiriləcək oyunlarda əvvəl bürünc medalların sahibi müəyyənləşəcək. Qrup mərhələsində üz-üzə gələn Almaniya və Qana növbəti dəfə münasibətlərini ayırd edəcək.

DÇ-2008-də də, 20 gün əvvəlki görüşdə də qalib gələn Bundestim Azərbaycanı mükafatsız tərk etməmək üçün Afrika təmsilçisini növbəti dəfə məğlub etməlidir.

Çempionun adına isə Fransa və KXDR arasında matçda aydınlıq gələcək. Qrupdakı matçda qalibi müəyyənləşdirə bilməyən rəqiblər bu dəfə mütləq kimin güclü olduğunu aydınlaşdırmalıdır. Əvvəlki 2 mundialda final 90 dəqiqəyə bitməyib ki, yenidən əlavə vaxt və ya penaltilər seriyasının olacağı istisna deyil.

Final oyunları tanınmış müğənni Şakiranın konserti ilə də əlamətdar olacaq. İspaniya milli komandasının və “Barselona” klubunun futbolçusu Herard Pikenin sevgilisi olan Şakira Tofiq Bəhramov adına Respublika stadionunda oxuyacağı mahnılarla azarkeşləri coşduracaq.

17 yaşadək qızlar arasında dünya çempionatı
13 oktyabr

III yer uğrunda oyun
17:00. Qana – Almaniya
Baş hakim: Yana Adamova (Çexiya)
Baki. Tofiq Bəhramov adına Respublika stadionu

Final
20:00. Fransa – KXDR
Baş hakim: Karina Vitulano (İtaliya)
Baki. Tofiq Bəhramov adına Respublika stadionu