“Halal olsun sizlərə!”
12.10.2012 - 11:25
“Halal olsun sizlərə!”
“Bakıda gördüklərim məni xeyli təəccübləndirdi. İnsanlar turnirə çox diqqət göstərirlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının Təşkilat Komitəsinin üzvü Anastasiya Tsiklas deyib.

Sentyabrın 22-də ölkəmizdə startı verilən dünya çempionatı sabah başa çatacaq. Bununla bağlı təşkil olunan bağlanış mətbuat konfransında Tsiklas deyib ki, yarış çox yüksək səviyyədə keçib: “Azərbaycanda keçirilən dünya çempionatı ən yaxşısı idi. Əfsuslar olsun ki, Azərbaycan yığması növbəti mərhələyə keçmədi. Ancaq inkişaf yoluna baxmaq lazımdır. İndiki vəziyyətdə komandanızın vəziyyəti yaxşıdır və çoxlu turnirlərdə iştirak etməklə böyük təcrübə qazanmağınız vacibdir”.

Tsiklas təşkilatı işlərdən də danışıb: “Həyəcan xoşuma gəldi. İnsanlar turnirə barmaqarası yanaşmadılar. Buna görə Yerli Təşkilat Komitəsinin əməyini qeyd etmək lazımdır. Bu, sıravi tədbir olmadı. Buradakı insanlar böyük şərəf hiss keçirdilər. Azərbaycan prezidentinin açılış oyununa gəlməyi böyük hadisədir. Halal olsun sizlərə! Bu, bizləri də razı saldı”.